Ölkə futbolu

“Hafiz Məmmədovun etimadını doğruldacağıq”

Dekabrın 7-dən 20-nə kimi “Bakı”nın 14 yaşlılardan ibarət komandası İspaniyada təlim-məşq toplanışı keçib.

Klubun saytına istinadən verdiyimiz məlumata görə, iki  həftəlik hazırlıq dövründə “Atletiko”nun  uşaq futbol akademiyasında təlim keçən komanda üzvləri bu müddətdə Madridin tarixi yerlərini gəzib.

Artıq Bakıya dönən yeniyetmə futbolçular klubun rəsmi saytına  Madrid təəssüratları haqda danışıblar:

Rəşid Əliyev: “İlk vaxtlar hazırlıqlar ağır keçirdi. Təxminən “Bakı”da keçdiyimiz məşqlərin oxşarını gördük. Ancaq orda topla çalışmalar daha sürətli gedirdi. “Atletiko” bizi yaxşı qarşıladı və yerli uşaqlarla ünsiyyətimiz də normal alındı. Necə deyim, ilk günlər çətinliyimiz dillə bağlı oldu. Bunun da həll yolunu tapdıq. Belə ki, kənardan verilən tapşırıqları izlədikdən sonra biz də həmin təmrinləri icra edirdik. “Atletiko”nun düşərgəsində daha çox toplu çalışmalar azərbaycanlı futbolçularda irəliləyiş yaratdı. Bu imkanı bizə yaratdığına görə “Bakı”nın prezidenti Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm”.

Adıgözəl Qəlbinur: “Məşqlər çox xoşumuza gəldi. Bəribaşdan dillə bağlı problemin olacağını bilirdik. Tədricən bu çətinliyi də aradan qaldırdıq. Bundan başqa, ara ötürmələri və hücuma çıxarkən cəld hərəkətlərə də alışdıq. Əsasən İspaniya futboluna xas qısa ötürmələr üzərində çox çalışdıq. Məşq saatları “Bakı”dakı ilə eyni idi. Ancaq Madriddə məşqlər daha ağır və sürətli keçirilirdi. Eyni zamanda bu səfər bizim yeni ölkə görməyimiz baxımından da əlamətdar oldu”.

Rauf Hüseynli: “Əvvəlcə gördüyümüz məşqlər bizə ağır gəldi. Amma əlimizə düşən şansdan layiqincə yararlanmalıydıq. Bu üzdən var gücümüzlə çalışdıq ki, ispaniyalı futbolçulardan geri qalmayaq. Verilən tapşırıqlar burda keçdiklərimizin oxşarı idi. Düşündük ki, hər şey rahat olacaq. Ancaq təmrinlərin sürətli icra olunması bizi daha çox çalışmağa və fiziki hazırlığı yüksəltməyə sövq etdi. Sanki bizdə ötürmə verib canlarını qurtarırlar. Lakin İspaniyadakı məşqlərdə ötürmə verərkən dərhal top qəbul etmək üçün özünə yer seçməliydin. Biz orda qazandığımız təcrübədən daxili çempionatda daha çox yararlanacağıq. Toplanış müddətində 4 yoxlama görüşü keçirdik ki, onların 2-ni qalibiyyət, 2-ni isə məğlubiyyətlə bitirdik. Ancaq bu görüşlərin özü də biz futbolçulara müəyyən təcrübə qazandırdı. Hətta qarşılaşmalardan sonra qaldığımız otelə gələrkən oturub öz səhvlərimizi təhlil edib, daha yaxşı oynamağın yolları haqda düşünürdük”.

Riad Abbaszadə: “Məşqlər ağır olsa da, ölkəmizi layiqincə təmsil etdik. Əlimizə düşən ən gözəl şanslar sırasında “Atletiko” Madridin Avroliqada “Portu” və daxili çempionatda “Valensiya” ilə keçirdiyi görüşləri “Visente Kalderon” stadionundan canlı izləməyimiz oldu. Bu, 14 yaşlı uşağın yaddaşında silinməz izlər buraxacaq. Boş vaxtımızda isə Madridin görməli yerləri ilə bərabər “Atletiko”nun muzeyi ilə də tanış olduq. Burda komandanın tarixinə aid formalar, toplar, butslar, xatirə şəkilləri və digər eksponatlar sərgilənirdi. Bu şansı bizə yaratdığına görə klub prezidenti Hafiz Məmmədova dərin təşəkkürümüzü bildirir və onun etimadını doğruldacağımıza söz veririk”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43