Ölkə futbolu

“Qəbələ”ni Premyer Liqadan düşürən heyətdə olmaq çox pis təsir edir”

“Bu qədər şanssızlıq olmaz. Nə deyəcəyimi bilmirəm. Yaxşı oynasaq da, xeyiri olmur, yenə nəticədə uduzuruq. Səbəb ya psixolojidir, ya da nədirsə, adı yoxdur. Bu nəticələrə heç bir ad tapa bilmirəm. Hər oyundan öncə danışırıq, müzakirə edirik. Amma matçlarda xal qazana bilmirik”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin futbolçusu Nicat Əliyev “Turan Tovuz” məğlubiyyəti (1:2) barədə danışakrən deyib. 23 yaşlı müdafiəçi daha sonra belə davam edib:

“Belə baxanda, heyətin səviyyəsi də aşağı deyil. Yaxşı keçirdiyimiz çox oyunlar olur ki, yenə axırda məğlub oluruq. Hesabda önə keçib qoruya bilmirik. Neçənci dəfədir ki, bu vəziyyətə düşürük. “Qəbələ”ni Premyer Liqadan düşürən heyətdə olmaq çox pis təsir edir. Ümid edək ki, yeni AFFA rəhbərliyinin komanda sayı ilə bağlı qərarı bizim üçün sevindirici olar. Çünki “Qəbələ” kimi klub Premyer Liqada qalmalıdır”.

Əliyev “qırmızı-qaralar”ın yeganə ümidinin Azərbaycan Kubokunda uğurlu nəticə qazanmaq olduğunu bildirib:

“Tək çarəmiz ölkə kubokudur. Yaxşı motivasiya ilə bu oyuna çıxmalıyıq. Mərhələ keçməyə ümidimiz var. “Zirə” ilə cavab oyunu Qəbələdə, azarkeşlərimizin önündə olacaq. Həmin görüşdə mərhələ adlayıb, finala çıxmaq üçün hər şeyi edəcəyik”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43