Kateqoriyasız

“Qurbanla, Rəşadla birlikdə ermənilərlə dalaşmışıq…”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin “Qafqazinfo”ya müsahibəsi:

– 2015/2016-cı il mövsümü Birinci divizionda və Premyer Liqada necə keçdi?

– Birinci diviziondan başlayaq. Fikrimcə, son iki ildir ki, orada rəqabət yetərincədir. Çünki gərgin görüşlər, maraqlı matçlar var. Bu gərginlik oyunların satılması ilə bağlı şaiyələr yaradır. Bir müddət öncə yazırdılar ki, Topaz Premyer Liqasında oyunlar danışılıb. Amma bunu sübut edən olmadı. Heç əldə etmədilər və keçdilər birinci diviziona. Bunu konfransda da dedim ki, biz danışılmış matçları deyirik amma sübut edən heç nə yoxdur. Bizim fikrimiz var idi ki, mövsümün əvvəlində bir xarici qurumla müqavilə imzalayaq. Həmin şirkət bizə danışılmış matçlarla bağlı məlumat verəcəkdi. Kifayət qədər də ciddi məbləğ demişdilər. Fikirləşdim ki, məbləğ az deyil, bu işin qarşısını almaq üçün dəyər. Amma onlara bir şərt dedim. Bildirdim ki, siz doğurdan da danışılmış oyunlarla bağlı məlumatınızın olduğunu sübut etmək üçün mənə bir qarşılaşma ilə bağlı nəsə deyin. Yadımda qalmayıb ki, hansısa matç haqqında məlumat göndərdilər ki, bu oyun satılıb. Amma həmin oyun bitmişdi. Ona görə də razılaşmadıq. Bu gün birinci divizion klublarından 2-3-cü yerləri tutanlara medal verdim. Onlara dedim ki, sizdən narazılığım var. Siz heç biriniz milli səviyyəsində futbolçu yetişdirməmisiz.

Topaz Premyer Liqasında bu il maraqlı mübarizə oldu. Dünyada iqtisadi böhran olmasına baxmayaraq bizim klublarda bu aşırı dərəcədə hiss olunmadı. Düzdür, hardasa təsiri oldu. Hər bir sahədə olduğu kimi. Bütün çətinliklərə baxmayaraq yaxşı mövsüm idi. Son turda 3-cü pillə üçün 3 komanda mübarizə aparacaq. “Qarabağ” 4-5 tur əvvəl çempion oldu. Onlar buna layiq idilər. Məsələn, 3  il öncəyə qədər son 3 ilin çempionu “Neftçi” idi. Onda şaiyələr gəzdi ki, bu komandanı AFFA, PFL çempion edir. Mən də bir sual verəcəm əgər “Neftçi” və “Qarabağ”ı biz çempion ediriksə, Avropa Liqasının qrupuna bu komandaları kim saldı? Avropada kim-kimə kömək edir. Bəzi insanlar fikir bildirmək üçün tələsirlər. Vaxt var idi ki, biz iki mərhələ keçmək üçün nələr etmirdik? Mən “Neftçi”də işləyəndə vəziyyət belə idi. Amma bu gün qrupda oynayırıq. Futbolu insanların 70 faizi sevir. Mən də istəyirəm ki, komandalarımız Çempionlar Liqasının finalına çıxsın. Lakin reallıqda bu mümkün deyil. Qış “transfer pəncərəsi”ndə “Fənərbaxça” transferlərə 70 milyon pul xərclədi. Gəlin indi görək, bizim birinci divizion qarışıq bütün klubları yığsan, hamısının bütövlükdə büdcəsi 70 milyon edir? Belə vəziyyətdə əlbəttə ki, onlar irəli gedəcək. Bizim klublar əlində olan maliyyə bunu edirsə, alqışlamaq lazımdır. Amma biz alqış əvəzinə tənqid edirik. Deyirdilər ki, Sadıq Sadıqovla Ramin Musayev dost olduğu üçün PFL onları çempion etdi. Bu düzgün deyil. İnsanın haqqını yemək olmaz. Bu adamda yaşamaq həvəsin öldürür. İnsanın haqqını yemək onu alçaltmaq deməkdir. Mövsümün əvvəlində hamı deyirdi ki, “Zirə” 1-2 oyun oynayıb dayanacaq. Amma baxın gümüş medal qazandı. Narazılığım yoxdur. Bütün çətinliklərimizi nəzərə alsaq, hər şey yaxşı oldu.

– “Qarabağ” layiqli, amma rəqibsiz çempion oldu…

– Niyə elə deyirsiz? Baxın, son turda “Rəvan” “Qarabağ”ı məğlub etdi. Siz gülürsünüz buna. Düzdür, mən də ilk dəfə eşidəndə güldüm. Həmin günü matçdan sonra işçimiz mənə zəng edib dedi ki, “Rəvan” – “Qarabağ” matçı 2:1 bitdi. Soruşdum ki, indi “Qarabağ”ın digər komandalarla xal fərqi necə oldu? Dedilər “Rəvan” qalib gəlib. Təəccübləndim. Əvvəlcə elə bildim ki, zartafat edirlər. Sonra baxdım və gördüm düz deyirlər. Və bu matçdan sonra başladılar ki, “Qarabağ” oyunu verib. Mən Qurban Qurbanovu 15 ildir ki, tanıyıram. Bilirəm ki, o, haqsızlıq etməz, oyun satmaz, bilərəkdən heç kimə uduzmaz. Çünki bu haram sayılır. Həmin oyunda heyəti gördünüz. Yəqin ki, Qurban kuboku düşündüyü üçün meydana o heyəti buraxıb. Son turda AZAL-la isə bütün əsas oyunçuları meydanda olacaq. Kubok öncəsi bunu edəcək. Onun taktikası belədir. AZAL bu mövsüm “Qarabağ”ı məğlub edib.

– Təsadüfi qələbələr həmişə olur…

– Siz əminsiz ki, “Qarabağ” Azərbaycan kubokunun finalında “Neftçi”ni məğlub edəcək?

– Fikrimcə, bəli. İstəsə, mütləq qələbə qazanacaq.

– Kim istəməz ki, qalib gəlsin. Bir də deyirəm, Qurban Qurbanov qardaşı Musa Qurbanova belə bilərəkdən xal verməz. Mən Qurbanın ailəsini tanıyıram. Onun qızı mənim nəvəmdir. O, heç vaxt haqsızlıq etməz. Qurbanov bilirsiz, necə güzəştə gedər. “Neftçi”yə Avropada uğur qazanmaq üçün futbolçu lazım olsa, öz futbolçusunu onlara verər. Amma oyun satmaz. Mən də oyunlara baxanda fikirləşirəm ki, “Qarabağ” güclüdür və kuboku da qazanacaq. Lakin ürəyim deyir ki, “Neftçi” qalib olacaq. Son 3-4 turda “Neftçi”nin oyunlarına baxıram. Çox yaxşı futbol nümayiş etdirirlər. Orda oynayanlar hamısı balaca-balaca azərbaycanlı uşaqlardır. Ümid edirəm ki, kubok çox maraqlı olacaq. Fikrimcə, son 8 ilin ən maraqlı final qarşılaşması bu il baş tutacaq. Futbolçulara arzu edirəm ki, zədə almasınlar. Çünki Avropada klublara lazımdırlar. Məndən insanlar soruşur ki, “Qarabağ”ın kubokun nə vaxt verəcəksiz? Deyirəm ki, kubok oyunu hələ olmayıb. Cavab verirlər ki, onsuz da “Qarabağ” udacaq. Amma mən deyirəm ki, bilmək olmaz. Finalda ən maraqlı məqam isə odur ki, 2 azərbaycanlı məşqçi üz-üzə gələcək.

– Dediniz ki, böhran bizim klublara təsir etmədi. “Xəzər Lənkəran” və “Rəvan”ı bu hala salan nədir?

– Sizin bu suala belə cavab verəcəm: Onların problemi böhranlıq deyil. Bunu sübut da edərəm, amma keçək başqa suala. Deyərəm, amma düşmən qazanaram. Düşməndən qorxmuram, amma o yaşım deyil. Mübarizə aparmaqdan ləzzət alıram. Sadəcə dəyəri olmayan hadisəyə görə özümü yormaq istəmirəm.

– Hər iki klub çempionat üçün dəyərlidir…

– “Xəzər Lənkəran” “Rəvan”dan da dəyərlidir. Keçin növbəti suala.

– Sualın davamı kimi bu iki komanda lisenziya ala bilmədi. Bu problem yoluna qoyulacaqmı?

– Sizə bir söz deyim ki, hər iki klub rəhbəri üçün lisenziyanı həll etmək 5 dəqiqəlik işdir. Elə bil ki, bazardasan və bir köynək xoşuna gəlib. Pulun var, amma almırsan. Hər iki klubun sponsorunun pulu var. Lakin istəmirlər ki, lisenziya alsınlar. Niyə? Bunu da onlara sual verin. İstəsələr, edəcəklər.

– Ötən il “Rəvan” Premyer Liqaya gələndə lisenziya ala bilməmişdi. Amma onlara güzəşt edilib vaxt verildi. Bu mövsüm də iki klub üçün bu keçərli ola bilərmi?

– Əgər belə bir şey olsa, üstünlüyü “Xəzər Lənkəran”a verərdim. Premyer Liqaya gələn gündən maraq yaradan, gözəllik verən cənub klubuna güzəş edərdim. “Rəvan”ın da qarşıda 10 illiyi gəlir. Əlimdə olsa, ikisinə də güzəşt edərəm.

– “Xəzər Lənkəran” və “Rəvan” olmayacağı təqdirdə onların yerini kim dolduracaq?

– Birinci divizion çempionu kimi “Neftçala” Premyer Liqaya gəlməyə layiqdir. “Qaradağ Lökbatan” klubunun prezidenti ilə də görüşdük. O da bildirdi ki, biz çempionata gəlmək istəyirik. Əgər klubların sayı artırılsa, bizi nəzərə alın. Mən istəyərm ki, 12 komanda olsun. “Altılıq” sistemi bizə çox xeyir vermişdi. 4 dövrəli çempionatda klublar bir-biri ilə oynamaqdan yorulur. Yaxşı olar ki, 12 komanda olsun. Deyirlər ki, ikinci “altılığ”a maraq olmur. Amma diviziondan çempionata klub gələcək olsa, orada da mübarizə gərgin keçəcək.

– Bir müddət öncə “Turan” və “Zaqatala”nın adı Premyer Liqa ilə yanaşı hallanırdı…

– Bunu Neftçalada olanda eşitdim. Tamamilə şaiyədir.

– Açıqlamalarınızın birində bildirmisiz ki, “Rəvan” çempionatda qalsa, onların yenidən Salyana dönməsini istərdik…

– Əgər onlar burda qalsa, Nuru müəllimdən bunu xahiş edəcəm. Biz “Neftçala”ya gedəndə Salyandakı stadiona baxdıq. Çox gözəl arenadır. Həm də orada azarkeşlər oyunlara gəlirdi. Biz onlara güzəştə gedərik və hava şəraitinə uyğun olaraq Bakıda da, Salyanda da çıxış edərlər.

– Yəqin ki, bu xahişi son tur başa  çatdıqdan sonra düşünəcəksiz?

– Bilirsiz, düşünürəm ki, biz komandalarımızı rayonlara çəkməliyik. Bölgələrdə uşaqlar var. Hər regiondan 1 futbolçu tapa bilsək, bu bizim uğurumuz olacaq.

– 2004-cü ildən başlayan gərgin çempionatda 18 komanda mübarizə aparırdısa, bu gün 8 komanda olma təhlükəsi var. Biz 12 il bundan öncəyə necə qayıda bilərik?

– Sualınıza sualla cavab verirəm: 18 komanda olanda klublarımız Avropada nə qazanmışdı.

– Fikrimcə, 18 komanda olsaydı, bu gün “Qarabağ” daha güclü olardı və rəqabətdən güclənərdi…

– Həmin vaxt komandalar var idi ki, gücünü 3 yerə bölmüşdü. Farm-klublar kimi digər komandalar da fəaliyyət göstərirdi. Buna görə say çox idi. Türkiyədəki kimi futbola maraq göstərmək lazımdır. Mən 3-4 il öncə Türkiyədə bir nəfərin qonağı idim. Restoranda oturmuşduq. Oraya bir gənc ailə gəldi. Yanlarında 5 yaşlı uşaq var idi. O uşağa sual verdilər ki, hansı komandaya azarkeşlik edirsən. Adı yadımda qalmasa da, komanda adı çəkdi. Bu bilirsiz nədən əmələ gəlir? Ailədən yaranan bir şey deyi. Sadəcə regionda futbola olan maraq ailəyə və o uşağa da təsir edib. Dövlət komanda saxlamır.

İnsanlar kömək edirlər. “Fənərbaxça” 70 milyon transferə xərcləyib. Hardan gəlir bu pullar? Azarkeşlərin bilet, forma alışlarından. Xaricdə klubları pulla alırlar. Qazanc üçün onlara pul verirlər. Bizim icra başçıları Türkiyə təcrübəsindən yararlana bilər və həmin bölgənin adına komanda yaratmaq olar. Nə qədər pul lazımdır ki? 20 min manat bəsdir. Rəşad Sadıqov və Ramal Hüseynov “Kocaelispor”da oynayanda ora getmişdim. Həmin gün onların oyunları var idi. Orada maşın kirayələyib həmin şəhərə yollanmışdıq. Yolda maşını dayanacaqda saxladım. Gələndə gördüm ki, maşının şüşəsinə balaca bir vizikart yapışdırılıb. Üzərində yazılıb ki, “siz pul ödəcəyəksiniz. Yığılan pullar “Kocaelispor” klubun büdcəsinə gedəcək”. Elə sevindim ki, istədim 10 qatını verəm. Bunu bizim bölgələrdə etmək olmaz? Bunu bacararıq. Bir dəfə bir söz demişdim və Tovuz sakinləri məndən incimişdi. “Turan” klubu çox acınacaqlı vəziyyətdə idi. Klub prezidentini çağırıb dedim ki, çıx şəhərdə elan elə imkanlı şəxslərdən xahiş elə. Qoy, kömək etsinlər. Tovuz futbol bölgəsidir. Oradan xeyli sayda oyunçular yetişir. İnsanlar kömək edəcək. Hər vətəndaş ayda 1 manat köçürsə, bəsdir. Tovuzda 20 min adam yoxdur? 1 manat heç kim üçün itki deyil. Rayonda çempionat oyunu keçirəndə biletsiz et. İnanın ki, insanlar pul verər. Bunu etmək lazımdır. Futbol böyük siyasətdir. Əsl siyasət xaricdədir. Ölkə rəhbərliyi idmana qayğı göstərirsə, deməli, bu həqiqətən siyasətdir. Nəyə qadir olduğumuzu idmanla, musiqi ilə göstərməliyik. Əfsuslar olsun ki, biz bunu etmirik.

Yaxınlarda bütün Avropanın gözü olacaq İsveçərnin Nyon şəhərindəki püşkatmada. Orda püşkdən çıxanda “Qəbələ” (Azərbaycan), “Qarabağ” (Azərbaycan) pis olacaq? Bundan böyük reklam var? Ermənilər Qarabağ bizimdir deyilər. Amma Nyonda püşkatmada “Qarabağ” klubunun adının qabağında Azərbaycan yazılması dünyanın 50 faizinə göstərir ki, bu torpaq bizimdir. Cəbhə bölgəsində az rayonlarımız var? Onların adına komanda yaratmaq lazımdır. Tərtərdə, Fizulidə komanda yaratmaq olmaz? Bərdədə komanda var idi. Biz istədik ki, kömək edək, amma ordakılar dağıtdılar. “Şuşa” klubu yaratdıq ki, bəlkə kömək edərlər. Bir dənə şuşalı bizə yaxın durmadı. Bu qədər vəzifə sahibi olan şuşalılar var. Amma heç biri maddi olmasa da, belə mənəvi dayaq da durmadılar. Elə bil ki, ancaq Rövnəq Abdullayev, Elxan Məmmədov, Ramin Musayev etməlidir. Futbol ancaq bizə lazımdır. “Şuşa” komandasını yaratmaq siyasi addım idi. O klub uğur qazana bilərdi. Elə çətindir ki, bir komanda saxlamaq. Kimsə məndən soruşur ki, bizdə nə vaxt futbol olacaq? Mən də soruşuram milli komandamız növbəti oyununu nə vaxt oynayacaq? Bilmir. Halva-halva deməklə düzəlmir. Halvanı yemək üçün un, şəkər tozu almaq lazımdır. Mənə icazə versinlər və edim. Vətənə sevgi olmalıdır. Bütün idman növlərində. O gün kunq-fu yarışnda baxdım ki, bizimkilər erməniləri döydülər. Çox sevindim. Çünki həmin anları biz də yaşamışıq. Birlik Kubokunda Qurban Qurbanovla, Rəşad Sadıqovla birlikdə ermənilərlə dalaşmışıq. Erməniləri yaxşı tanıyıram. Onların kinindən xəbərim var.

– Hakimlərlə bağlı narazılıqlar çox olmasa da, var idi. Ən üzdə olanı isə ölkə kubokunun yarımfinalında “Qəbələ” – “Neftçi” matçında Əliyar Ağayevin səhvi idi…

– Əliyar yaxşı insandır, sənətinə qiymət verir. Həmin matçdan sonra onu yanıma çağırıb soruşdum ki, sənin problemin yoxdur? Dedi, yox. Bu gün burda tam məsuliyyətlə deyirəm ki, həmin qarşılaşmada Əliyar “Qəbələ”nin qapısına 2 penalti verməyib, “Neftçi”nin qapısına bir. Sübut da var. Qərəz ola bilməz. Cüneyt Çakır kimi hakim cərimə meydançasının çölündə olan qayda pozuntusuna görə penalti təyin etdi. Əliyar bilərəkdən etsəydi, bu gün aramızda olmazdı.

– Birinci divizionda mübarizə aparan “Şahdağ” klubu son 2 oyunun birində meydana çıxmadı, birində isə 9 nəfərlə mübarizə apardı…

– “Şahdağ”ın prezidenti Ərəstun Nuftiyevlə söhbət etdik. Bildirdi ki, sponsorumuz bizi aldatdı. Onların sponsoruna əlim çatmır. Amma düzgün etmədilər.

– “Şəmkir”in baş məşqçisi Kamran Əlibabayev pis hakim idarəçiliyinə görə komandasını meydandan çıxarıb. Bu biabırçılığa səbəb olanlar cəzalanıb?

– Elə Kamran özü cəzalanıb. Görünür ki, bu reklam idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43