Kateqoriyasız

Rasim Ramaldanov: “İstəmədim ki, komandanı pis vəziyyətdə qoyum” -MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun idmanxeber.com-a müsahibəsi.

– İlk olaraq komandanın hazırlığı haqda nə deyərdin?

Mən komandayla Antalyada iki gün qala bildim. Zədəm olduğundan müalicə üçün Ankaraya getdim. Orada vəziyyətimin pisləşdiyini görüncə Bakıya dönüb, burada müalicəmi davam etdirdim. Komandayla bir yerdə olmamışam. Düzdü internet vasitəsi ilə oyunları izlədim. Deyə bilərəm ki, rəqabətcil bir komandamız var. İstənilən rəqibə müqavimət göstərə bilərik.

– “Xəzər Lənkəran” gəncləşdirmə siyasəti apardığından bir çox futbolçusu ilə yollarını ayırdı. Sənin komandada qalmağını rəhbərlik istədi, yoxsa sən özün irəli sürülən şərtlərlə razılaşdın?

Həm klub rəhbərliyinin istədiyi, həm də mənim komandayla yaya kimi müqaviləm var.

– Komandadan ayrılan futbolçuların da bir çoxunun müqaviləsi var idi. Ancaq onlar razılaşmadı. Sənə digərlərindən fərqli nə təklif gəldi ki, “hə” dedin?

İnternet vasitəsi ilə oxumuşdum ki, komandadan mən də göndərilirəm. Ancaq getdim klub rəhbərliyi ilə söhbət elədim, gördüm yox, hər şey yazılan kimi deyil. Qarşılıqlı formada yolumuza davam edirik.

– Bildiyimiz qədər Rahid Əmirquliyevdən başqa qalan digər futbolçulara aşağı məbləğ qarşılığında qalmaq təklif olunmuşdu. Səni niyə digərləri kimi getmək barəsində düşünmədin? Bunun xüsusi bir səbəbi varmı?

Düzünü desəm istəmədim ki, komandanı pis vəziyyətdə qoyum.

– “Xəzər Lənkəran” bu heyətlə hansı yer ümid edir? Azarkeşlər sizdən bu mövsüm nə gözləsinlər?

Hamımız bilirik ki, çətin olacaq. Ancaq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

– Turnir cədvəlinə baxsaq avrokuboklara getmək şansınız yüksək görünür. Ancaq heyətin gəncləşdirilməsi xeyli suallar ortaya çıxartdı. Sən komandanın avrokuboklar şansını necə dəyərləndirirsən?

Çətin olacaq. Düzdü cavan, perespektivli futbolçularımız var.  Ola bilsin ki, başlanğıcda iki-üç oyun çətin olsun. Ondan sonra inanıram ki, hər şey qaydasına düşəcək.

– Sabiq komanda yoldaşın Əfran İsmayılov müdafiəçilərin zəif oyunu ücbatından “Xəzər Lənkəran”ın çox oyunda uduzduğunu bildirmişdi. Sənin bu ittihamlara cavabın nədi?

Komanda udanda da bir yerdə udur, uduzanda da bir yerdə uduzur. Kiməsə söz atmaq düzgün deyil.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43