Milli komanda

Ruslan Qurbanov: “Mahirin “Kopenhagen”ə vurduğu qolu nə tez unutdunuz?”

Millimizin hücumçusu Ruslan Qurbanov dünən keçirilən Azərbaycan – Malta oyununda meydandan çıxarkən azarkeşlərin təpkisini görən Mahir Mədətova dəstək olub. O, sosial şəbəkə hesabından Mahiri müdafiə edərək azarkeşlərə müraciət edib:

“Əziz azarkeşlər!

Bu gün bizi canlı dəstəkləmək üçün stadiona gəldiyiniz üçün təşəkkür edirik. Çoxlu təhlükəli vəziyyətlər yaratmağımıza baxmayaraq, top rəqibin qapısından keçmək istəmirdi. Bu futboldur və hərdən belə də olur. Yaratdığımız qol vəziyyətlərinin sayını da özünüz gördünüz. Mən sizə Mahir Mədətovla bağlı müraciət etmək istərdim.

O, bu gün çox gözəl oyun keçirdi və qol ötürməsi də verməyə bacardı. Buna baxmayaraq, siz onu əvəz olunduğu zaman fitə basdınız. Unutmayın ki, onun 22 yaşı var və o bundan sonra da inkişaf etməyə davam edəcək. Mən əminəm ki, gələcəkdə o möhtəşəm bir futbolçu olacaq. Nəyə görə onun Kopenhaqenə qarşı oyunda vurduğu qolu unutdunuz? O qoldan sonra bütün ölkə Qarabağın futbol tariximizdə yeni səhifə yazdığına sevinirdi. Nə üçün bunu yaddan çıxarmısız? Mənə o yaşda Mahirdən güclü bir azərbaycanlı futbolçu adı çəkin! Məncə, beləsi yoxdur! Gəlin bir birimizə qarşı daha həssas olaq, çünki biz sizin üçün meydana çıxıb sonadək mübarizə aparırıq və sizi həmişə qələbələrimizlə sevindirmək istəyirik. Unutmayın ki, bizim üçün bu yolda ən vacibi sizin dəstəyinizdir. Gəlin hamımız bir anlıq özümüzü Mahirin yerində təsəvvür edək. Mən əminəm ki, çoxları onun yerində olsaydı, çoxdan təslim olardı, amma o güclü insandır və sizin dəstəyinizlə daha da güclü olacaq. Bir daha hər kəsə göstərdiyi dəstək üçün təşəkkür edirəm! Biz sizi sevindirmək üçün həmişə bacardığımızı etməyə çalışacayıq, bizim sevimli azarkeşlərimiz!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43