İdman

Samir Əliyevin böyükhesablı məğlubiyyətə şərhi: “Gözlənilməz oldu”

“Belə məğlubiyyətdən sonra danışmaq çətindir. Hesab daha da böyük ola bilərdi. Çempionatda ən bərbad oyunumuz idi. “Neftçi” qələbəyə layiq oyun göstərdi”.

İdmanxeber.com-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 8-ci turunda “Neftçi”yə 0:4 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

– Erkən qolu qırılma nöqtəsi saymaq olarmı?

– Oyunun gedişatı göstərirdi ki, “Neftçi” ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaqda istəkli idi. Rəqib futbolçuların ustalıq səviyyəsi də çox yüksəkdir. Boşluqlardan yaxşı istifadə etdilər.

– “Səbail” iddialı komandalara qarşı göstərdiyi oyunun yarısını edə bilmədi. Səbəb nə idi, rəqib sürətli idi, yoxsa sizdə alınmadı?

– “Neftçi” daha sürətli oynadı. Hər oyun bizim üçün təcrübədir. Bir az gözlənilməz oldu. “Neftçi” yüksək templə oynadı. İndi danışmaq çətindir. Səhvlərə baxmalıyıq.

– Sizi bəxtsiz məşqçi saymaq olar? “Neftçi”yə qalmaqallı dövrdə təyinat aldınız, indi də yeni qurulabən komandaya gəldiniz.

– Məşqçilik karyeram yeni başlayır. İndidən bəxtsiz demək tezdir. Yeni komanda formalaşdırmışıq. Bəlkə də gələn il indiki heyətdən 3-4 nəfər qalacaq. Rəhbərlik nə qədər güvənsə, çalışacağıq komandanı gücləndirək. Komandada futbolçu sayı çoxdur, amma keyfiyyət aşağıdır. Qarşıdan transfer fasiləsi gəlir. 6-7 futbolçunu göndərmək istəyirik. Tədricən bu proses gedəcək. Yaxşı kollektiv formalaşdırmağa çalışırıq.

– Ruslan Əmircanov komandanızdadır. Onunla müqavilə bağlanacaqmı?

– Hələ bilinmir. Təcrübəsinə güvənirik. Bizimlə məşq edir. Ola bilsin, dekabrda komandaya götürdük.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43