11 İyul 2026
Ölkə futbolu

“Əgər o gücü hiss etmirsə, qalmağın mənası yoxdur” – “Qarabağ” rəsmisi

“Çox sevincliyik, bu hissləri 10-cu dəfə yaşayırıq. Bütün “Qarabağ” sevərləri təbrik edirəm. İkinci ulduzumuzu aldıq. Bizim üçün böyük uğur olmaqla yanaşı, ciddi bir məsuliyyətdir. Bunu da yaxşı başa düşürük. Hər zaman daha yaxşısını etməyə çalışırıq. Bu il də bunu etməyə cəhd edəcəyik”.

Bu sözləri idmanxeber.az saytına “Qarabağ”ın direktoru Əmrah Çelikel Ağdam təmsilçisinin çempionluğu barədə danışarkən deyib. O, heyətin təcrübəli üzvü Riçard Almeydanın millidən getməsinə də münasibət bildirib:

“Almeyda milli ilə bağlı qərarını verib. Bu, onun öz qərarıdır, mən də dəstəkləyirəm. Əgər o gücü hiss etmirsə, qalmağın mənası yoxdur. Cavan nəsil üçün də bir şansdır, onlara da yer açılır”.

Klub rəsmisi Premyer Liqanın bu il gərgin keçdiyini və komandanın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayevin bombardirlik mübarizəsi aparmasından danışıb:

“Bizim üçün əsas “Qarabağ”ın çempionluğudur. Hər iki oyunçumuza da uğurlar arzulayıram. Əminəm ki, hansı bombardir olsa, digəri də o qədər sevinəcək. Çempionat o qədər asan keçmir. Rəqibsiz olduğumuzu düşünmürük”.

Çelikel Ramil Şeydayevin komandadan ayrılacağı iddialarına da münasibət bildirib:

“Bu günə qədər hər hansı futbolçumuzla görüşməmişəm. Bu barədə yekun qərarı oyunçular və baş məşqçi Qurban Qurbanov verir. Onlar yekun qərarını verəndən sonra biz də futbolçularla danışıqlara başlayırıq. Ramillə bağlı da dəqiq bir məlumat yoxdur. Öz karyerası barədə uğurlu qərar verəcəyinə inanıram”.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43