Ölkə futbolu

FİF-in başçısından “Kəpəz” açıqlaması: “Çalışmalarımızla bağlı müsbət siqnallar var”

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” klubunda əsas hədəflərdən biri də sponsor məsələsidir. Artıq bir müddətdir Bakıda bu istiqamətdə işlər aparan klub rəhbərliyi yeni mövsümə qədər vacib durumun öhdəsindən gəlməyi düşünür.

Bir neçə ay öncə “Kəpəz” rəhbərliyi Futbolun İnkişaf Fondu (FİF) ilə bərabər Gəncə şəhərində yerli iş adamları ilə görüş keçirmiş və kluba sponsor cəlb edilməsi barədə mühüm addımların atıldığını bildirilmişdi. Ancaq məsələ ilə bağlı hələ də yekun bir nəticə yoxdur. 

Hazırda bu istiqamətdə gedən işlərdə son durumun nə yerdə olduğunu bilmək və yeni mövsümdən “Kəpəz”in sponsorunun olub-olmamasını dəqiqləşdirmək üçün FİF-in rəhbəri Tural Piriyevlə əlaqə saxladıq. 

Qurum rəhbəri məsələ ilə bağlı idmanxeber.az saytına bunları açıqladı:

“Kəpəz”ə sponsor tapılması ilə bağlı danışıqlar gedir. Açığı, yalnız Gəncə klubu üçün yox, əməkdaşlıq apardığımız digər bölgə təmsilçiləri ilə bağlı da çalışmalarımız davam edir. Bu, kifayyət qədər uzun prossesdir. “Turan Tovuz”un sponsor məsələsi həllini tapana qədər bir il vaxt keçdi. Ancaq onu deyim ki, çalışmalarımızla bağlı müsbət siqnallar var. Yaxın zamanda bir klubumuza sponsor cəlb olunması ilə bağlı imzalanma mərasimi keçirəcəyik. 

Gəncəli iş adamları ilə davamlı əlaqədəyik, onlarla sıx işləyirik. Bu yaxınlarda onlarla növbəti görüşümüz olacaq. Bu səfər daha geniş bir görüş nəzərdə tutulub. Ümid edirəm ki, bu səfərki toplantının müsbət nəticələri olacaq. Danışıq apardığımız başqa insanlar da var, onlardan da şad xəbərlər gözləyirik”. 

T.Piriyev “Azercell” şirkətinin bölgə klublarımızın birinə sponsorluq etmək istəməsi ilə bağlı çıxan xəbərlərə də aydınlıq gətirib. O, bu iddiaların doğru olmadığını bildirib:

“Sözügedən şirkətlə heç bir klubumuz üçün danışıq aparmamışıq. Çıxan xəbərlər həqiqəti əks etdirmir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43