30 İyun 2026
İdman

Şimali İrlandiyanın baş məşqçisi: “Mümkün qədər çox xal toplamaq lazımdır”

“İndiki məqamda bütün diqqətimizi ilk oyuna yönəltmişik. Qrup haqqında qrup mərhələsinin gedişində ətraflı danışmaq olar”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Britaniya təmsilçisinin çalışdırıcısı ölkəsinin mətbuatına açıqlama verib.

 

Onil komandasının qrupdakı şanslarını dəyərləndirib. O bildirib ki, Azərbaycan və San-Marino ilə oyunlar onlar üçün xüsusi önəm kəsb edir: “Əvvəlki dünya çempionatlarının seçmə mərhələlərində ikinci yerləri tutmuş komandalara nəzər salsanız, görərsiniz ki, onlar 17-25 arası xal toplayıblar. Bunu futbolçularıma da dəfələrlə demişəm. Deməli, hər oyuna ciddi yanaşıb, mümkün qədər çoxlu xal yığmaq lazımdı. Əgər qrupdakı aşağı reytinqli komandalarla hər iki matçda qələbə qazansaq, bu, 12 xal deməkdi. Xüsusilə, ev oyunlarında qalib gəlmək vacibdi. Bizim qrup mərhələsi ilə bağlı planımız bu cürdü”.

 

Qeyd edək ki, qrupdakı ilk oyunlarını 2 gün sonra Çexiyaya qarşı keçirəcək Şimali İrlandiyanın yığmamızla birinci görüşü noyabrın 11-də Belfastda, ikinci matçı isə gələn il, iyunun 10-da Bakıda baş tutacaq.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43