22 Dekabr 2024
Kateqoriyasız

“Polislə azarkeş mehriban düşmənlərdi” – Qurban Qurbanov

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Dandolk” klubunu 3:0 hesabı ilə məğlub edib mərhələ adlayan (ilk oyun – 1:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Futbolçularımı təbrik edirəm. Bu gün çox güc sərf etdik. Ciddi hazırlaşmışdıq. Futbolçular bütün tapşırıqları yerinə yetirdilər. Gərgin oyun oldu. Bizə çox da uyğun olmayan rəqib  idi. Rəqib çox xarakterli komanda idi. Matçdan öncə də iddialı danışırdılar. Futbolçular gözəl oyunla rəqibin qarşısını aldılar və qələbə ilə azarkeşləri sevindirdilər.

– Mahir Emrelinin qaçırdığı qol epizodları, Rahil Məmmədovun müdafiədəki səhvləri fonunda ən yaxşılar legionerlər və yaşı keçmiş Rəşad Sadıqov idi. Yerli futbolçuların belə çıxışı sizi narahat etmir?
– İstərdim ki, pozitiv olaq. Kollektiv şəkildə intizamlı oynadıq. Biri səhv edir, digəri sığortalayır – futbol belə oyundu. Rəşadın belə oynamasına sevinirəm. Bütün futbolçular həddən artıq əziyyət çəkdilər və güc sərf etdilər.

– Matçın bir hissəsində komanda sanki oyundan qopmuşdu…
– 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil. Hesabda geri olan komanda hücumda daha aktiv olur. Bəzən künc zərbəsi zamanı, yaxud fauldan sonra müəyyən gərginliklər ola bilir.

– Ozobiçin zədəsi çox ciddi görünürdü…
– Sabah tam bilinəcək. Çox ciddi olmasa da, yüngül zədə də deyil. Diz nahiyəsindən xəsarət alıb.

– APOEL-in məşqçisi bu oyunu izləyirdi. Siz növbəti rəqib barədə məlumatlısız?
– Sadəcə, son matçdakı qollarına baxmışam. Ümumi məlumatım var. Bu komandalara diqqət ayırırıq. O çempionatın səviyyəsi, ya da hansısa futbolçuya görə. Düşünürəm ki, hamımızı maraqlı oyunlar gözləyir.

– “İmarət”lə polis arasında qarşıdurma baş verdi. Siz polisin azarkeşlərə belə münasibətini necə qiymətləndirirsiz?
– Məncə, polislə azarkeş mehriban düşmənlərdi. Çox görmüşük belə hadisələr. Biz həmişə azarkeşlərin yanındayıq, inşallah, problem olmaz. Polislər də qanunauyğun davranmalıdılar. Mehriban düşmən yox, yaxın dost da ola bilərlər.

– “Partizani” yoxsa “Dandolk”la oyunlarda daha çox həyəcanlandız?
– Hər komandanın öz oyun üslubu var idi. Ancaq bu komandaya qarşı hücum qurmaqda çətinlik çəkirdik. Çox müqavimət göstərdilər. “Partizani”nin bir üslubu var idi: müdafiə olunurdu və əks-hücuma çıxırdı. “Dandolk” isə fərqli üslublarda oynayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43