23 Dekabr 2024
Kateqoriyasız

Mənsimov “Xəzər Lənkəran”dan danışdı, AFFA-nı tənqid etdi (AÇIQLAMA)

“Xəzər Lənkəran”ın yaradıcısı və sahibi Mübariz Mənsimov “Xural TV”də jurnalist Əvəz Zeynallıya müsahibəsində klubla bağlı maraəlı məqamlara toxunub.

İdmanxeber.az-ın məlumatına görə, o, bunları deyib:

“Xəzər Lənkəran”ın populyarlığı bir çox insanın xoşuna gəlmədi. Oyun başlayır, 15-ci dəqiqədə üç futbolçumuz meydandan qovulurdu. Çəkilməz bir şey idi. Klubun fəaliyyətini dayandırmasına qərar verdim. Bir gün şərait dəyişərsə, təbii ki geri qayıdarıq. “Xəzər Lənkəran”a dayanmadan maneçilik törədirdilər.

“Mən buradan açıq-aydın deyirəm ki, “Xəzər Lənkəran” olmasaydı, Azərbaycan futbolu bu yerlərə gəlməzdi. “Xəzər Lənkəran” futbola həyəcan gətirdi. Peşəkar futbolçular xaricdən gəlməyə başladı, bizim oyunçular onlarla ayaqlaşmağa çalışdı, milli futbolçular çıxmağa başladı. Dünyanın hər yerində bu iş belədir. Azərbaycanda “Xəzər Lənkəran”ı quranda futbolçulara min dollar pul verirdilər. Mən gəldim, “Neftçi”dən 5-6 futbolçu transfer etdim. Onlar ilk dəfə 200-300 min pul gördülər. Özlərini həyəcandan saxlaya bilmirdilər. Bizdən əvvəl heç kəs stadion qurmurdu. Sovetlər Birliyindən sonra ilk stadionu “Xəzər Lənkəran” qurdu. Ondan sonra hər kəs stadion qurmağa başladı. Məqsədimiz oradakı uşaqların idmana həvəslənməsi, pis vərdişlərə uymaması, özlərinə gələcək qurmaları idi”.

M.Mənsimov “Qarabağ” haqda müsbət fikirlər də səsləndirib: ” Bu gün “Qarabağ” uğurlu çıxış edir. Bütün Azərbaycanın qürurudur. Əvvəllər ancaq “Neftçi”ni tanıyırdılar. “Xəzər Lənkəran” çempionatdan çəkiləndən sonra çox klub yox oldu. Çünki doğru idarə olunmadı. AFFA da doğru idarə olunmadı. Hələ də peşəkar idarə olunmur. Ona görə də bizim milli komandamız yerlərdə sürünür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43