24 Dekabr 2024
Kateqoriyasız

“Uğurlu seriyadan sonra məğlub olacağımızı gözləyirdik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

İdmanxeber.az xəbər verir ki, 50 yaşlı mütəxəssis 0:0 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Xeyli qol epizodumuz oldu. Hətta top dirəkdən də döndü. Heyətdə rotasiya etmişdik. 4-5 oyunluq yükləmədən sonra əsas heyət üzvlərində yorğunluq var idi. Bu gün az oynayanlara üstünlük verdik. Bədavi Hüseynov və Xayme Romeronun zədədən sonra ilk oyunları idi. Bu səbəbdən onları sonadək meydanda saxlamadıq. Özlərini yaxşı tərəfdən göstərdilər. “Zirə” də uduzmaq istəmirdi. Komandamdan razı qaldım.

Komandanın bu oyunda xal itirməsi başadüşləndir. Ötən mövsümdə də belə bir şey baş vermişdi. Uğurlu seriyadan sonra məğlub olacağımızı gözləyirdik. Bu gün yaxşı oyun göstərə bilərdik. Futbolçularım mövsüm ərzində ağır oyunlar keçirib. Rəqibi də qeyd etmək lazımdır. Qol buraxmamaq üçün hər şeyi etdilər”.

Qurbanov Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı keçirəcəkləri oyuna da toxunub:

“Xeyli vaxtımız var. İnanıram ki, həmin oyuna optimal heyəti hazırlaya biləcəyik. Qarşıdakı matçlarda bəzi elementləri əldə etməyə çalışacağıq. Hər iki komanda üçün maraqlı görüş olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43