“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşanın “Lex” klubu 1922-ci ildə yaradılıb.
İdmanxeber.az-ın məlumatına görə, bu il 100 illiyini qeyd edən Poznan təmsilçisi ev oyunlarını 43 269 azarkeş tutumuna malik “Miejski” stadionunda keçirir.
“Lex” 1948-ci ildə debüt etdiyi Polşa çempionatında 8 dəfə qalib olub. Komanda 5 dəfə Polşa Kubokuna, 6 dəfə isə Polşa Super Kubokuna yiyələnib. Klubun prezidenti Karol Klimçak, baş məşqçisi isə Matsey Skorjadır.
Ölkə çempionu avrokuboklardakı ən böyük uğurunu 2009 və 2011-ci illərdə əldə edib. Həmin vaxt Polşa təmsilçisi UEFA Avropa Liqasında 1/16 finaladək irəliləyib.
“Qəbələ” və “İnter”in (hazırkı “Şamaxı”) sabiq futbolçusu Nika Kvekveskiri də hazırda bu klubun formasını geyinir. 30 yaşlı yarımmüdafiəçi 2015/2016 mövsümündə Bakı təmsilçisində, 2016/2017 mövsümündə isə “qırmızı-qaralar”da çıxış edib.
“Qarabağ” ilk oyununu 5-6 iyulda səfərdə, cavab qarşılaşmasını isə 12-13 iyulda evdə keçirəcək.
Azərbaycan klubları indiyədək hazırkı Polşa çempionu ilə 8 dəfə üz-üzə gəlib, 1 qələbə, 1 heç-heçə və 6 məğlubiyyət əldə edib.
2005/2006 mövsümündə Yevlaxın “Karvan” komandası İntertoto Kubokunun I təsnifat mərhələsində bu komandaya rəqib olub. “Lex” Bakıda 2:1, Poznanda 2:0 hesabı ilə qalib gəlib.
2008/2009 mövsümündə “Xəzər Lənkəran” UEFA Kubokunun (hazırkı Avropa Liqası) I təsnifat mərhələsində bu komandaya rəqib olub. Lənkəran təmsilçisi Bakıda rəqibinə 0:1 hesabı ilə yenilib, “Lex”in yeganə qolunu hazırda Almaniya “Bavariya”sında çıxış edən Robert Levandovski vurub. Poznandakı görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
2010/2011 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakı “İnter”i (hazırkı “Şamaxı”) bu komanda ilə görüşüb. Bakıda “Lex”, Poznanda “Şamaxı” eyni hesabla qalib gəlib. Penaltilər seriyasında isə Poznan təmsilçisi rəqibini 9:8 hesabı ilə üstələyərək mərhələ adlayıb.
2012/2013 mövsümündə “Xəzər Lənkəran” daha bir dəfə “Lex”lə görüşüb. UEFA Avropa Liqasının II təsnifat mərhələsində Lənkəranda rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Poznanda məğlub olub – 0:1.