“Kəpəz”də olduğuma görə çox şadam. Gəncə əsl futbol şəhəridir. Qardaşım da burada oynadığı üçün bu klubda çıxış etməyi seçdim”.
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Yusif Nəbiyev deyib. O, komandanın hazırlıqlarını davam etdiyini bildirib və qarşıdakı hədəflərdən danışıb: “Hər şey qaydasındadır. Komanda Premyer Liqaya yeni yüksəlib. Hazırda hansısa hədəfdən danışmağımız doğru olmaz. Ancaq bu o demək deyil ki, heç nə etməyəcəyik. Bacardığımız qədər mübarizə aparmalıyıq. “Kəpəz” çox komandaya baş ağrısı olacaq”.
24 yaşlı futbolçu gələcək karyerası barədə da danışıb. O, Gəncə klubundan öncə bir neçə təklifinin də olduğunu vurğulayıb: “Düzünü desəm, ölkəxarici barədə çox da düşünməmişəm. Az oynadığım üçün real təkliflərin olduğuna inanmıram. Ancaq Premyer Liqa klublarından 2-3 təklif olsa da, “Kəpəz”i seçdim. Həmin komandaların adlarını çəkmək istəmirəm. Mənim üçün maliyyə o qədər də önəmli deyil, əsas oynamaqdır. Özümün hədəflərim var. Məqsədim milliyə dəvət almaqdır. Çalşıb bunun üçün əlimdən gələni edəcəm”.
Xatırladaq ki, Yusif Nəbiyev “Kəpəz”də çıxış edən Fərid Nəbiyevin qardaşıdır.
Həsən Quluzadə