“Matçın əhəmiyyətini dərk edirdik. “Zirə” turnir cədvəlində bizim rəqibimizdir. Düşünürəm ki, komandam layiqli qələbə qazandı. “Sabah”la görüşün son dəqiqələrində qol buraxsaq da, komanda həftə ərzində psixoloji eniş yaşamadı. Hər məşqdə hiss edirdik ki, futbolçular “Zirə” ilə matça yüksək motivasiya ilə hazırlaşır. Ümumi götürəndə komandadan razıyam. Məğlub olduğumuz oyunlarda da meydanda mənim istədiyimi veriblər. Amma hələ çempionat bitməyib, qarşıda oyunlar var”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Zirə” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Çempionat ərzində rotasiyalar edirik. Məşqlərdə kimin durumu yaxşı olursa, onlara şans veririk. Muraddan da, Ürfandan da oyun planında razıyıq. Onlar da şans düşən kimi komandanın oyununa güc qatırlar.
Qarşıda çoxlu oyunlar var. Ona görə də həmin matçlara hazırlaşmaq lazımdır. Sırf bu oyunun eyforiyası ilə yaşamağa ehtiyac yoxdur. Dərk edirik ki, çempionatda 4-cü olub avrokuboklara getməmək də olar. Həm kuboka, həm də çempionata tam şəkildə köklənəcəyik”.