“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq yoldaşlıq çərçivəsində keçirilən “Matç TV” turnirində iştirak etmək qərarı idman ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.
Rusiyanın hazırda Ukrayna ərazisini işğal etməsi və UEFA ilə FİFA-nın bu səbəbdən həmin ölkənin klublarını avrokuboklardan uzaqlaşdırdığı məqamda təmsilçimizin belə bir turnirdə iştirak etməsinin lüzumsuz olduğunu iddia edənlər oldu.
Mövzuya daha çox siyasi tərəfdən baxıldığı üçün məsələyə peşəkar yanaşmasının zəruri olduğunu düşünürək REAL partiyasının icraçı katibi Natiq Cəfərlinin fikirlərini öyrəndik. O, idmanxeber.az saytına “Neftçi” rəhbərliyinin bu qərarını belə dəyərləndirdi:
“Rusiya millisinin və klublarının beynəlxalq turnirlərindən kənar qalması dünyada diqqətlə izlənən bir məsələdir. “Neftçi”nin Türkiyə və Serbiya klubları ilə bir turnirdə iştirak etməsi komanda üçün elə də ciddi problem yaratmaz. Çünki Serbiya da, Türkiyə də Avropa futbolunun önəmli parçasıdır. Ancaq həmin turnirin davamlı keçirilməsi və hər səfərində Azərbaycan klublarının orada iştirak etməsi FİFA və UEFA-nı qıcıqlandırar. Nəticədə isə klublarımıza ciddi sanksiyalar tətbiq edilə bilər. Bu məsələdə diqqətli olmalıyıq və Azərbaycan klublarının imiclərinə zərər gəlməməsinə çalışmalıyıq. Ancaq dediyim kimi, “Neftçi”nin sözügedən turnirdə bir dəfə iştirak etməsi elə də ciddi problem deyil”.
Həsən Quluzadə

