“Sabah”ın Konfrans Liqasında “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacağından xəbərdarsınız. Turnirdə II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.
Paytaxt təmsilçisi sözügedən görüşün hazırlığını davam etdirsə də, avrokuboklarda ev oyunlarını harda keçirəcəyi bəlli deyil. Bir müddət öncə mətbuatda “Sabah”ın Tofiq Bəhramov adına Respublika Stadionunda oynayacağı yazılsa da, bu barədə rəsmi açıqlama olmayıb.
Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. O, idmanxeber.az saytına veridiyi açıqlamada Bakı klubunun “Tofiq Bəhramov” stadionunda oynayacağı xəbərlərinə belə münasibət bildirdi:
“Açığı, Tofiq Bəhramov adına Respublika Stadionunda oynayacağımız ümumiyyətlə, gündəmimiz də olmayıb. Çünki arena “Beşiktaş”la matçdan sonra təmirə bağlandı”.
Klub rəsmisi ev oyunları üçün “Bank Respublika Arena”nı düşündüklərini bildirib. O, avrokuboklarda rəqiblərini bu stadionda qarşılaşmaq istədiklərini açıqlayıb:
“Biz əsas variant kimi “Bank Respublika Arena”nı istəyirik. Hazırda stadionda iş gedir. Yaxın günlərdə avrokubok matçlarımızı harda keçirəcəyimiz məsələsinə tam aydınlıq gələcək. Ehtiyat variant isə “Dalğa Arena”dı. Əgər UEFA razılıq versə, pley-offa kimi oyunları “Bank Respublika Arena”da keçirmək istəyirik”.
Həsən Quluzadə

