“Hava limanına çatandan hiss elədim ki, artıq mənə birtəhər baxırlar. Açığı, mən daha artıq şeylər gözləyirdim. Ancaq hər şey qaydasında oldu. Yalnız kənardan söz atmaqla qaldılar. Özüm də çox həyəcanlı idim. Orada oynamaq, məğlub olmamaq mənim üçün çox önəmli idi. Şükür ki, yaxşı nəticə ilə qayıtdıq. Son dəqiqə qolu bizi çox rahatlatdı. Evdəki oyunda bu üstünlüyü yaxşı dəyərləndirib, mərhələni keçən tərəf biz olmalıyıq”.
Bu sözləri idmanxeber.az saytına Albaniyanın “Eqnatiya” klubuna transfer olunan Vüsal İsgəndərli Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Ararat” görüşü barədə danışarkən deyib. O, komandaya tam uyğunlaşması üçün vaxta ehtiyacı olduğunu bildirib:
“Nəzərə alaq ki, mən hələ komandada yeniyəm. Adaptasiya olmaq çox önəmlidir. Məşqə çıxanda heç kimi tanımırsan, özünü yad kimi hiss edirən. Elə ilk oyunda meydana çıxmaq mənim üçün önəmlidir. Mən Türkiyədə oynayanda yeni gələn futbolçular ən azı 15-20 gün sonra meydana çıxırdı. Baş məşqçimiz sağ olsun, şans verdi. Komandaya gələndən mənə əlavə məşqlər elətdirirdilər”.
28 yaşlı yarımmüdafiəçi bu müddətdə komanda yoldaşlarının davamlı Azərbaycan – Ermənistan məsələsi barədə sullar verdiklərini və bu mövzü ilə maraqlandıqlarını bildirdi:
“Komandanın təhlükəsizlik xidməti belə bu barədə mənə suallar verirdi. Mən də onlara ümumi məlumatları deyirdim. Qarabağ müharibəsindən, Xocalı soyqırımından danışırdım. Ümumi tariximizdən məlumatlar verirdim. Onlara müharibədən videolar, şəkillər göstərirdim. Çünki çox maraqlanırdılar. Nəyi də bilməsək, tariximizi bilirik”.
İsgəndərli bu müddət ərzində ona dəstək olan bütün azarkeşlərə təşəkkürünü bildirib:
“Bu kluba transfer olunanda ilk oyunumun “Ararat”a qarşı olmaq ehtimalı var idi. Özüm də belə olmasını çox istəyirdim. Neçə illər sonra Ermənistanda meydana çıxan ilk futbolçu oldum. Bu müddət ərzində mənə dəstək olan, inanan hər kəsə təşəkkür edirəm. Gələcəkdə qollarımla onların ümidlərini doğrultmağa çalışacam”.
Həsən Quluzadə