“Qarabağ” transfer çalışmalarını davam etdirir. Musa Qurbanlı və Ramil Şeydayevin komandadan ayrılmasının ardından Ağdam təmsilçisi heyətinə hücumçu cəlb etmək niyyətindədir.
Baş məşqçi Qurban Qurbanovun göstərişi ilə ən azı bir forvard transfer ediləcək. Artıq həmin mövqeyə bir neçə namizədin olduğu və rəhbərliyin bu istiqamətdə çalışmalarını davam etdirdiyi bildirilir.
Hücumçu axtarışları sürətlənsə də, bunun yaxın günlərdə açıqlanacağı gözlənilmir. Yeni transferin Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa qədər komandaya qoşulacağı ehtimal edilir.
Xatırladaq ki, Ağdam klubu ilk turda Cəbəllütariğin “Linkoln” klubu ilə qarşılaşıb. Səfərdəki ilk görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasındakı cavab matçı isə sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
İdmanxeber.az

