23 Noyabr 2024
Ölkə futbolu

Xaosla başlayan marafon

Ard-arda yenilgilər və 3 oyuna buraxılan 12 qol… Bəli, söhbət ölkə kubokunun son qalibi “Qəbələ”dən gedir. 

Əyalət klubunda bir xaos hökm sürür. Mövcud qarışıqlıqdan komandanı çıxarmalı olan baş məşqçi Elmar Baxşıyev də çarəsiz görünür. “Omoniya” ilə matçlar və ötəngünkü “Sabah” yenilgisi, bu məğlubiyyət fonunda parçalanmış komanda görmək üzücüdü. 

Baxşıyev hələ ki, komandanı bu uçurumdan xilas edə bilmir. Müşahidələrə əsasən demək olar ki, səhvlər kütləvi hal alır və bu uğursuzluğun qarşısını almaq üçün edilən müdaxilələr yetərsizdi. 

Təbii ki, yenilənən heyət amili var. Uyğunlaşma və mövsümün əvvəlində qismən hazırlıqsız komanda görmək normal hesab oluna bilər. Hətta “APL-in ilk oyunudu, bu birinci turdu, rəqib çempionluğa oynayır” deyərək üstündən də keçmək olardı. O halda ki, qismən hazırlıqlı bir komanda görə bilsəydik. Tam hazırlıqsız bir komanda görmək işin digər tərəfidi. Bu təkcə 1 oyunla gəlinən qənaət deyil. “Omoniya” ilə başlayıb “Sabah” ilə bitən zəncirvari xətalar və qarışıqlıq “göz oxşayır”. Bu səhvlərin müntəzəmliyi klubun planlarının icrasına sonradan mane olacağına da heç bir şübhə yeri saxlamır.

Matçdan sonra gətirilən arqumentlər də söz xatirinə deyilmiş sözü xatırladır. Demirik tələsmək lazımdı, heç olmasa gecikməyin.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43