06 İyul 2026
Ölkə futbolu

Filip Ozobiç: “Hər gün işləyirik ki, daha yaxşı olaq”

“Bəli, ilk yarıda qalib gəlirdik. Sıx qrafikdə oynayırıq. Ola bilər ki, rəqib ikinci hissədə daha gümrah idi. Onların keyfiyyətli futbolçuları var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Filip Ozobiç “Beşiktaş” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Səncə, “Neftçi” ikinci yarıda niyə birinci hissədəki kimi oynaya bilmədi? Rəqibin dəyişikliyi oyuna nə qədər təsir etdi?

– Ola bilər ki, biz bir az yorğun idik. Amma Vinsent Abubakar kimi futbolçu meydana daxil oldu. Onun necə hücumçu olduğunu hamımız bilirik. Hesabı bərabərləşdirdi. Ondan sonra daha çətin idi.

– Fasiləyə üstün yollandığınıza görə yəqin ki, daha inamlı idiz. Adrian Mutu sizə nələr söylədi, hansı emosiyalar var idi?

– Əsas odur ki, ilk 15 dəqiqə dözək və rəqib bizə çox təzyiq etməsin. Amma belə alındı.

– Öz oyunundan narazı qaldın? 

– Öz oyunum haqda danışmaq istəmirəm. Kənardan baxanlar nəsə deyə bilər.

–    Şenol Günəşdən oyunsonrası mətbuat konfransında “Neftçi”dən hansı futbolçunu bəyəndiyini soruşdular, o, sənin adını dedi. Amma bildirdi ki, bu görüşdə nəsə alınmadı səndə..

– Futboldur da, olur. Rəqibin qapısından uzaq olanda çətin olur. “Beşiktaş” çox təzyiq etdi. Belədə, müdafiədə çox işlədik, güc itirdik.

–    “Neftçi” üçün avrokuboklar başa çatdı. İndi hər kəs komandanın çempionatda nə edəcəyini gözləyir. “Kəpəz” və “Səbail”lə matçlarda qələbə qazana bilməmisiz. Daha güclü “Neftçi” görəcəyik, çempionluq mübarizəsində olacaqsız?

– Əlbəttə. Sadəcə bizə zaman lazımdır. Baş məşqçi də toplanışa sonradan gəldi. Məncə, hamımızın zaman ehtiyacı var. Bir-iki gündən sonra 5 il birlikdə oynadığımız kimi oynamaq mümkün deyil. Hər gün işləyirik ki, daha yaxşı olaq. Yaxın vaxtlarda hər şey dəqiqləşəcək.

– “Qarabağ”a qarşı oyunlarda hansı emosiyaların olacaq? 

– Hələ bu oyuna var. Orada hamı mənim dostumdur. Lakin indi “Neftçi”də oynayıram və istəyirəm ki, “Neftçi” yaxşı olsun. Hər şey edəcəm ki, komandam qalib gəlsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43