16 İyul 2026
Ölkə futbolu

Millimizin futbolçusu uğursuz debütdən danışdı: “Türkiyəyə oynamaq üçün gəlmişəm”

“Kəpəz”lə müqavilə bağladıqdan sonra Türkiyədən təklif alan Bəxtiyar Həsənalızadə Gəncə təmsilçisi ilə yollarını ayırmışdı. O, sözügedən ölkənin I Liqa təmsilçisi “Tuzlaspor”a transfer olundu. Millimizin müdafiəçisi artıq komandası ilə ilk görüşünü keçirib.

Tuzla təmsilçisi mövsümün 3-cü turunda çempionluq iddiasında olan “Eyüpspor”la qarşılaşıb. Matça start heyətdə başlayan Bəxtiyarın debütu uğursuz alınıb. Belə ki, “Tuzlaspor” evdə rəqibinə 0:5 hesabı ilə məğlub olub. Həmyerlimiz matçın 27-ci dəqiqəsində komandası 0:3 geridə olarkən əvəzlənib. Millimizin üzvü ilə Türkiyədəki uğursuz debütu və komandasının cari mövsüm hədəfləri barədə danışdıq:

– “Tuzlaspor”da ilk oyunun yaxşı keçmədi. Bunu necə şərh edirsən?

Bəli, Türkiyəki ilk görüşüm idi. Bizim üçün yaxşı keçmədi. Gözlənilməz bir nəticə oldu. Rəqib güclü komandadır, çempionluq iddiası ilə mövsümə başlayıblar. Ancaq yenə də belə bir nəticənin olmasını istəməzdik. Oyuna yaxşı başlamadıq və erkən qollar buraxdıq. Nəticədə də meydandan məğlub ayrıldıq.

-Görüşə start heyətdə başlasan da, tez əvəzləndin. Bu sənə necə təsir etdi?

Tam hazır olmağım üçün vaxt lazımdır. Amma əvəzlənmə onunla bağlı deyil. Sadəcə, müdafiədə 5 nəfər idik, hesabda 0:3 rəqibin xeyrinə idi. Artıq oyuna başladığımız taktika ilə mübarizə aparmağın mənası yox idi. Kimsə meydandan çıxmalı idi, baş məşqçi də belə bir qərar verdi. Mənim üçün elə də ciddi problem deyil. Qarşıdakı oyunlarda daha yaxşı olacağımı düşünürəm.

-Adətən belə hallarda baş məşqçi erkən əvəzlədiyi futbolçu ilə söhbət edir. Aranızda belə bir diaoloq oldu?

Əvəzlənməyimin səbəbini bilirdim. Özüm vəziyyəti başa düşmüşdüm. Nəsə soruşmağa ehtiyac olmadı. Belə hallar ilk dəfə olmur.

-3 oyundan sona komandanın xalı yoxdur. Belə başlanğıc nə qədər gözləniləndir?

Komandaya gec qoşulduğum üçün hazırlıq dönəmini görməmişəm. Konkret nəsə desəm doğru olmaz. Amma belə başlanğıcı heç bir komanda istəməz. Biz də gözləmirdik. “Tuzlaspor”un özünə görə hədəfləri, məqsədləri var. Çempionat başlamadan öncə baş məşqçimiz dedi ki, ilk yeddilikdə olmalıyıq. Bunun fərqindəyik. Hədəflərə çatmaq üçün mübarizə aparacağıq. 

-Bundan sonrakı oyunlarda komandanın əsas heyət üzvü ola biləcən?

Bunun üçün əlimdən gələni edəcəm. Türkiyəyə oynamaq üçün gəlmişəm. Hər şeyi zaman göstərəcək. Davamlı oynamaq üçün çox çalışmaq, mübarizə aparmaq lazımdır. Əlbəttə ki, komandada rəqabət var. Bu da yaxşı haldır.

-Türkiyə I Liqasında səviyyə yüksəkdir? Çətinlik çəkirsən?

Səviyyə elə yüksək olmasa da, pis deyil. Çempionat oyunları çətin keçir, komandalar daha çox mübarizə xarakterli oyuna üstünlük verir. Bizim hazırda ən böyük çətinliyimiz stadionla bağlıdır. Belə ki, stadionumuz təmirə balanıb. Oyunları başqa arenada keçiririk. Düzdü, bu görüşlərdə də azarkeşlər bizi tək qoymur. Ancaq doğma meydanda çıxış edə bilsək, ab-hava daha fərqli ola bilər. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43