“Qarabağ” səfərdə yaxşı oyun göstərdi və layiqli qələbə qazandı. Cavab görüşü üçün 2:0 hesabı çox əlverişlidir. Məncə, Bakıdakı qarşılaşmada da komandamız qələbə qazanacaq. İki klubu bir-biri ilə müqayisə etsək, Ağdam təmsilçisinin üstün olduğu görünür”.
Bu sözləri idmanxeber.az saytına bir dönəm “Qarabağ”da çıxış etmiş Rahid Əmirquliyev təmsilçisimizin Avropa Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiya” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Avropa Liqası qrup mərhələsinə vəsiqə qazanmaq ciddi uğurdur. Qurban Qurbanovun yetirmələri ardıcıl 10 ildir avrokuboklarda qruplara qalır. Böyük iş görürlər, bu il də ən pis halda Konfrans Liqasının qruplarına vəsiqə qazanıblar. Ancaq dediyim kimi, “Qarabağ” “Olimpiya”nı Bakıda da məğlub edərək, AL-in qruplarına yüksələcək. Bəzən komanda barədə müxtəlif tənqidlər görürəm. Deyirlər ki, guya “Qarabağ” zəifləyib. Qətiyyən belə deyil. Ola bilər ki, bəzi futbolçular tam formada olmasın. Ancaq yaxın vaxtda tamam ayrı komanda görəcəyik. “Qarabağ” daha da güclənəcək”.