“Çətin oyun oldu. Onlar daha çox hücumameyilli oynayırdılar. Amma biz buna hazır idik. Bu gün biz meydanda vuruşduq, əsl xarakter göstərdik. Məqsədimiz Avropa Liqasının qrupuna düşmək idi. Hədəfimizə çatdıq”.
İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Avropa Liqası pley-off mərhələsinin “Olimpiya” ilə matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Təcrübəli futbolçu “yenidən “Rakuv”la qarşilaşmaq istəyərsinizmi?” – sualına belə csvab verib:
“Həmişə böyük, adlı-sanlı komandalara qarşı oynamaq istəyirəm. Elə rəqiblərlə oynamaq bizim üçün yaxşı təcrübədir. Əgər “Rakuv”la eyni qrupa düşsək, qələbə qazanmağa çalışacağıq”.
Zubir komandanın baxımlı futbol oynamaması ilə bağlı deyilənlərə də münasibət bildirib:
“İndi əksər komandalar nəticəyə oynayır. Yaxşı oynayıb uduzsaq, dəyəcəksiz ki, niyə məğlub oldunuz. Baxımlı oyun zamanla gələcək. Əsas nəticə qazanmaqdır”.