“Premyer Liqada istənilən komanda digərini büdrətmək gücündədir”.
İdmanxeber.az-ın məlumatına görə, bunu “Araz-Naxçıvan”ın braziliyalı futbolçusu İqor Ribeyro klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan çempionatı barədə fikirlərini bildirərkən deyib.
27 yaşlı müdafiəçi heç bir rəqibdən çəkinmədiklərini söyləyib: “Hər bir komanda meydana 11 futbolçu ilə çıxır. Premyer Liqa rəqabətli keçir. İndi diqqətimizi “Neftçi” ilə oyuna cəmləmişik, ciddi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, keyfiyyətinə bələdik. Ona görə də həftəmiz iş baxımından məhsuldar keçib. “Neftçi” ilə matça köklənmişik. Ələ düşəcək şanslardan maksimum yararlanmaq vacibdir. İmkanları qaçırmaq olmaz”.
Yay fasiləsində komandaya qoşulan legioner millilərin oyunları ilə əlaqədar yaranmış fasilənin onlar üçün xeyirli olduğunu düşünür: “Komandamız gec yığışdığından təlim-məşq toplanışı keçirməmişdi. Yaranmış fasilədən maksimum istifadə etdik, həm yaxşı məşqlər keçdik, həm də yoxlama oyununda gücümüzü sınadıq. Məşqçilər korpusu bir daha çatışmazlıqları gördü. Komandada abu-hava çox yaxşıdır”.
III turda “Qarabağ”la matçın 90+5-ci dəqiqəsində buraxdıqları qol ucbatından 1:2 hesabı ilə məğlub olduqlarını xatırladan Ribeyro sona qədər mübarizə aparmağın önəmindən bəhs edib: “Oyun 90 dəqiqə davam edir və sona qədər diqqətli olmalıyıq. “Qarabağ”la görüşün uzatma dəqiqələrində qol buraxmağımız bunu bir daha ortaya qoydu. Ancaq “Neftçi” ilə matçın xüsusən də ilk 15 dəqiqəsində diqqətli olmalıyıq”.
Qeyd edək ki, Premyer Liqanın VI turu çərçivəsində sentyabrın 16-da keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 18:00-da start götürəcək.