28 Noyabr 2024
Ölkə futbolu

“Neftçi”yə qarşı necə oynayacağımızı uşaqlara bildirmişdik”

“Çətin olacağını bilirdik. “Neftçi” ölkəmizi adlı-sanlı, nəhəng klublarındandır. Onlara qarşı oynamaq həmişə çətindir. Yaxşı oyunçuları var. Bunları və “Neftçi”yə qarşı necə oynayacağımızı uşaqlara bildirmişdik. Bəzi boşluqlarımız oldu. Həyəcan var idi. “Neftçi”nin hazırlıqları yaxşı səviyyədə idi. Şükürlər olsun ki, bu gün qələbə bizim oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı və sona qədər mübarizə apardılar. Mənim üçün çox vacib idi”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 6-cı turunun “Neftçi”yə (1:0) qarşı keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Biz epizodik olanda arxada otururduq. Mən açıq futbol oynamağı xoşlayıram. Hətta 10 nəfərlə qalanda da, rəqibi qabaqda sıxırdıq, pressinq edirdik. Həmişə çalışmışam ki, rəqib tərəfdə oynayaq və üstünlük bizdə olsun. Mutunun fikirlərinə isə hörmətlə yanaşıram.

Mövsümü hansı pillədə başa vuracağımız barədə düşünmürük. Bu günlə yaşayıram və sabaha baxıram. Komandama ən yaxşısını etməyə çalışıram. Hansı pillədə olacağımızı sonda biləcəyik. Amma maksimumu etməyə çalışırıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43