30 Noyabr 2024
Ölkə futbolu

“Belə getməyəcək, daha yaxşı olacağıq” – “Kəpəz”in futbolçusu

“Kəpəz” Misli Premyer Liqasının VI turunda növbəti ev oyununda da uduzdu. Gəncə təmsilçisi “Səbail”lə görüşdən meydanı xalsız tərk etdi. Ardıcıl üç ev oyunundan da məğlub ayrılan “sarı-göylər”də işlər qaydasında deyil. Turnir cədvəlində “Qəbələ” ilə 9-10-cu sıraları bölüşən komanda tez bir zamanda toparlanmağın yollarını axtarır. 

“Kəpəz”dəki uğrusuz gedişatın səbəblərini öyərnmək üçün komandanın futbolçusu Elmir Tağıyevlə əlaqə saxldıq. “Səbail”lə görşüdə ciddi zədə alan futbolçu İdmanxeber.az saytına müsahibəsində hazırkı durumunda da söz açdı:

– “Səbail” görüşündə komanda çox aşağı səviyyəli oyun göstərdi. Səbəb nə idi?

Matça yaxşı hazırlaşsaq da, bəzən belə hallar olur. Hər şey istədiyin kimi getmir. Başlayan kimi qollar buraxdıq, bu da yaxşı çıxışımıza mane oldu. İlk dəqiqədən geriyə düşəndə toparlanmaq da çətin olur. Bu, komandaya çox təsir elədi. Geriyə düşdükdən sonra tələsərək oynadıq. İrəli atılıb qol vurmaq istəsək də, alınmadı. Qarşıdakı oyunlarda daha yaxşı mübarizə aparmalıyıq. Uğursuz gedişatı düzəltməliyik. İnanıram ki, toparlanacağıq.

– “Kəpəz” “Neftçi”ni məğlub etdi, “Qarabağ”dan xal aldı. Amma digər komandalarla bacarmır…

Bizim üçün rəqibin kimliyinin fərqi yoxdur. Hər oyuna yaxşı nəticə üçün çıxırıq. Hələ mövsüm yeni başlayıb, qarşıda çox oyunlar var. Məncə, daha yaxşı çıxış edəcəyik. Heyətimiz pis deyil. Son oyunlarda nəsə çatışmır. Amma belə getməyəcək, daha yaxşı olacağıq.

– Oyunda ciddi zədə aldın. Həmin an nə baş verdi?

Rəqib futbolçu ilə toqquşdum, 5-10 saniyə huşumu itirdim. Həkimlər gəldi, başıma tikiş qoyuldu. Oyuna davam etmək istəsəm də, icazə vermədilər. Amma ciddi bir şey yoxdur, hazırda özümü yaxşı hiss edirəm. 4 tikiş atılmalı idi, çox ağrı oldu deyə, az elədilər. “Səbail”in həkimi də mənə yaxınlaşdı. Sağ olsun, Natiq həkimlə oyundan sonra da danışdıq. Dedi ki, vəziyyətin pis idi, sənə kömək eləmək istədim. Ona da təşəkkür edirəm.

–  Gedişat sizin üçün yaxşı görünmür. Səncə, nəticə üçün komandada nə çatmır?

Nəyin çatmadığını mən deyə bilmərəm. Bəzən belə hallar olur, oyun alınmır. Ancaq bu o demək deyil ki, həmişə belə olacaq. Düzəlməsi üçün əlimizdən gələni edirik. Heyətimizin zəif olduğunu deyirlər. Qətiyyən bununla razı deyiləm. Biz ən zəif deyilik. 2-3 oyun uduzmaqla hər şey bitmir. Qarşıdakı oyunlarda bunu göstərəcəyik.

– “Səbail”lə oyunda azarkeşlərin istefa şüarları sizə necə təsir etdi?

Təbii ki, xoş deyil. Heç kim belə olmasını istəməz. Azarkeşlər bizə dəstək olsunlar, inansınlar. Biz də çalışacağıq üzərimizə düşəni edək. Və mütləq turnir cədvəlində daha yaxşı yerdə olacağıq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43