“Kəpəz”in çempionatımızın iddialı klublarına qarşı uğurlu çıxışı davam edir. Gəncə təmsilçisi bu səfərdə Bakıda “Sabah”dan xal almağı bacardı. “Sarı-göylər” oyundan öncə aşkar favorit göstərilən “bayquşlar”a qarşı yaxşı mübarizə apardı. “Sabah” matçı və qarşıdakı oyunlar barədə “Kəpəz”in müdafiəçisi Yeqor Xvalko ilə danışdıq.
Təcrübəli futbolçunun İdmanxeber.az saytına müsahibəsini təqdim edirik:
– “Sabah”la oyun barədə fikirlərin necədir? Xal qazanacağınızı gözləyirdiniz?
“Səbail” məğlubiyyətindən sonra dedim ki, “Sabah”dan xal ala bilərik. Meydanda etdiyimiz hər şeyə hazırlaşmışdıq. Rəqibin gücünü yaxşı bilirik. Onlar topa yaxşı nəzarət edir, güclü hücum qrupu var, diqqətli və etibarlı oynamaq lazım idi. Buna müəyyən qədər nail olduq. Nəticədə oyun bizim üçün yaxşı bitdi.
– Rəqibin baş məşqçisi həddindən artıq vaxt apardığınızı və davamlı yerdə qaldığınızı bildirir…
Xeyr, razı deyiləm. Əgər davamlı müdafiə olunursansa, oyunda fasilə etməlisən. Tempi aşağı salmaq, oyunu yavaşlatmaq da futbolun bir parçasıdır. Belə hallar həmişə olub. Biz uduzanda heç kim vaxta baxmır, heç nəyə fikir vermir. Rəqiblərin vaxtı necə apardığından danışan da olmur. İndi niyə belə şeylər danışılır? Bunlar da futbolun fəndləridir.
– Maralıdır ki, “Kəpəz” “Qarabağ”dan, “Neftçi”dən və “Sabah”dan xal qazansa da, nisbətən daha zəif komandalara məğlub olur. Bunun səbəbləri nədir?
Çünki böyük komandalarla qarşı xüsusi hazırlaşmağa ehtiyac yoxdur. Hamı başa düşür ki, matç asan olmayacaq. Birinci dəqiqədən sona qədər etibarlı oynamaq lazım olur. Amma təəssüf ki, digər oyunlarda məğlub oluruq. Qolla nəticələnən çoxlu taktiki və texniki səhvlərə yol verdik. Sonra da vəziyyəti düzəltmək çətin olur.
– Sanki futbolçular böyük klublara qarşı özlərini daha fərqli göstərmək istəyirlər…
Ola bilsin ki, belədir. Amma artıq dediyim kimi, bundan sonra bütün oyunlarda diqqətli olmalıyıq.
– “Kəpəz” son üç ev oyununda məğlub olub. Gəncədə oynamaq sizin üçün niyə çətindir?
Əslində evdə çıxş etmək bizim üçün çox yaxşıdır. Azarkeşlərin dəstəyi bizə köməklik edir. Onların qarşısında yaxşı oynamaq və qalib gəlmək istəyirik. Amma bəzən elə axmaq səhvlər edirik ki, məğlub oluruq. Artıq Gəncədə də yaxşı nəticələr qazanmağın vaxtıdır.
– Çoxları Premyer Liqanı tərk edəcəyinizi düşünür. Sizcə, bu komanda ilə liqada qalmaq mümkün olacaq?
Buraxın, düşünsünlər. Ötən mövsüm də belə deyirdilər. Hamı deyirdi ki, liqanı tərk edəcəyik, amma biz tapşırığı yerinə yetirdik, Premyer Liqada qaldıq. Hər kəsin öz fikri var, onu bildirir. Yaxşı işləyirik, amma ötən mövsümdən tam yeni komandamız var. Komanda yenilənib, 6-7 yeni oyunçu gəlib. Hər matçda nəticə vermək mümkün deyil.
– Növbəti ev oyununuzda evdə “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Azarkeşlərə sözün var?
İlk öncə bu gün bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İstəyirəm ki, ev oyununa çoxlu azarkeş gəlsin, yaxşı və çətin anlarımızda bizə kömək olsunlar. Öz adımdan deyirəm ki, meydanda əlimizdən gələni edəcəyik və sona qədər mübarizə aparacağıq.
Həsən Quluzadə

