“8-ci yerdə qərarlaşmışıqsa, durumumuz ürək açan deyil. Nəticələr bizim üçün də gözlənilməzdir. İlk dövrəni 5-6-cı yerlərdə keçirmək istəyirik. Bizdə hər mövsüm heyət yenilənir. Təzə futbolçular gəlir. Nəticənin belə olmasının əsas problemi budur. Komanda sıfırdan yığılıb, hələ tam uyğunlaşmayıb. Biz stabil olaraq bir heyətlə meydana çıxmırıq. Hər oyun dəyişiklik edirik. Zədəlilərimiz oldu, sonradan komandaya qoşulanlar var. Optimal heyəti müəyyənləşdirmək üçün vaxt lazımdır”.
Bu sözləri İdmanxeber.az saytına I Liqada çıxış edən “Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov komandanın uğursuz gedişatını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:
“Digər klublara nisbətən hazırlıqlara gec başladıq. Danışıq aparmaq istədiyimiz futbolçular belə rəqiblərlə anlaşdı.Tam hazır olmadığımız üçün fiziki durumumuz istənilən səviyyədə deyildi. 5 tur bunun əziyyətini çəkdik. Sonuncu “Şamaxı” görüşündə pis təsir bağışlamadıq. Düzdür, heç-heçə etdik, qalib gələ bilmədik. Amma onlar da güclü rəqibdir.
Uzun müddətdir Premyer Liqadan uzağıq. Amma heç nə bitməyib. Mövsümün sonuna çox var, hər şey dəyişə deyil. Premyer Liqaya yüksəlməyimiz mümkünsüz deyil”.
Məmmədov bölgə klubunun maliyyə durumundan da söz açıb. O, vəziyyətin nisbətən yaxşı olduğunu bildirib:
“Ötən illərlə müqayisədə komandanın maliyyə durumunda irəliləyiş var. Bu barədə klub rəhbərliyi daha yaxşı məlumat verə bilər. Ancaq hazırkı vəziyyət bizi və futbolçuları qane edir. Maaş məsələsində problem yoxdur. Oyunçuların qidalanması və Zaqatalada qalmaları üçün hər cür şərait yaradılıb. Ötən mövsüm geyim problemimiz belə vardı, bu il artıq həll olunub. Bir çox məsələlərdə ötən illə müqayisədə irəliləyiş var. Düzdür, hələ də klubun xüsusi sponsoru yoxdur. Amma ayrı-ayrılıqda kömək edən insanlar var”.
Həsən Quluzadə

