Türkiyənin “Konyaspor” klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Marko Yankoviçdən gedir. Konya təmsilçisi bir müddətdir yarımmüdafiəçi ilə danışıq aparırdı.
Tərəflərin razılaşdığı da bildirilir. Yankoviç müqavilə şərtlərində Super Liqa təmsilçisi ilə anlaşıb.
Ancaq buna baxmayaraq, transfer baş tutmayıb. Ağdam klubunun “Konyaspor”dan tələb etdiyi təzminat bu keçidə mane olub.
“Köhlən atlar” Türkiyə təmsilçisindən 1 milyon dollar transfer haqqı istəyib. “Konyaspor” rəhbərliyi isə bu məbləğin çox olduğunu bildirib.
Onlar müqaviləsinin başa çatmasına bir il qalmış monteneqrolu futbolçu üçün bu qədər pul ödəmək istəməyib.
Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Qarabağ” forması ilə 44 oyunda forma geyinib və 5 qol vurub. Onun Ağdam təmsilçisi ilə müqaviləsi gələn yayda başa çatacaq.

