19 İyun 2026
Dünya futbolu Köşə yazıları

Bir xalqın ümidi – Hüseynin hekayəsi

Dünya çempionatları hər zaman maraqlı, duyğusal hekayələri ilə zəngin olur. Xüsusilə zəif, futbolu inkişaf etməyən, yoxsulluğun yüksək, rifahın az olduğu ölkələrin iştirakı həmişə adamın diqqətini çəkir.

Adama elə gəlir ki, belə ölkələrin futbol komandalarından başqa heç nəyləri yoxdu. Sanki qol sevincləri də başqa görünür. Oradakı futbolçuların həyatları bəzən hədsiz çətinliklərlə keçir.

İraq millisinin Norveçə məğlub olduğu görüşdə komandanın yeganə qolunun müəllifi olan Aymen Hussein də onlardan biridir. 30 yaşlı hücumçunun çox acınacaqlı həyatı var.

Aymen Hüseyn sadəcə futbolçu deyil, İraqda bir çox insanın qəhrəmanıdır. O, ümidin, mübarizənin rəmzi hesab olunur.

Futbolçu 1996-cı ildə İraqın Kərkük bölgəsində dünyaya gəlib. Atası İraq ordusunda zabit olub. Aymen cəmi 12 yaşında olarkən atası Əl-Qaidə terrorçuları tərəfindən öldürülüb. 2014-cü ildə isə polis əməkdaşı olan qardaşı İŞİD tərəfindən oğurlanıb. Bu günə qədər onun taleyi məlum deyil.

Ailəsi müharibə səbəbindən doğma yurdunu tərk etməyə məcbur olub və məcburi köçkün həyatı yaşayıb. Bir vaxtlar o, futbolu tamamilə buraxmaq barədə də düşünürdü. Ancaq sonradan açıqlamasında “Futbolu buraxsam belə, itirdiklərim geri qayıtmayacaq” deyərək, karyerasını davam etdirib.

İllər sonra isə Aymen İraq millisinin əsas ulduzuna çevrilir. 2026 dünya çempionatına vəsiqə uğrunda pley-offda Boliviyaya vurduğu həlledici qol İraqı 40 ildən sonra yenidən mundiala aparır və ölkədə böyük bayram yaşanır.

Norveç matçında fərqlənməklə isə tarixə düşür. Çünki bu, İraqın mundiallar tarixində cəmi ikinci qolu idi. Birincini 1986-cı ildə Ahmed Radhi vurmuşdu.

Ona görə də iraqlılar üçün Aymen Hüseyn sadəcə bombardir yox, müharibə, itki və terrorun içindən çıxıb ölkəsini dünya çempionatına aparan bir qəhrəmandır.

Futbol həqiqətən də çox maraqlı oyundur. Nə acınacaqlı həyat hekayəsinə, nə imkana, nə də şəraitə baxır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43