“Bu cür rəqibə qarşı oynamaq bizim üçün həmişə çox xoşdur. “Sabah” meydanda nə etdiyini bilən, dinamik, sürətli futbol oynayan və sürətli futbolçuları olan komandadır. Bəlkə də, bu gün “Sabah” uduzmağa layiq deyildi. Amma biz vacib üç xal qazandıq. Onlara uğurlar arzulayıram. Bu komanda get-gedə daha təhlükəli olacaq. Bunu bu gün tam hiss etdik. Futbolçularım çox əziyyət çəkdi. Stadionda olan bütün azarkeşlərə təşəkkür edirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah” oyunu sonrası deyib. Mütəxəssis “Sabah”la matçın Avropa Liqasında “Molde” ilə oyunöncəsi onlara necə fayda verəcəyi ilə bağlı sualı belə cavablandırıb: “Faydası mütləq olacaq. Sadəcə “Sabah” və “Molde” tam fərqli sistemdə oynayan komandalardır. Bu oyunda etdiyimiz səhvlər inanıram ki, “Molde” oyunöncəsi bizə çox fayda verəcək. Çünki “Molde” evdə oynayır, mütləq qalib gəlməlidirlər. Ola bilsin ki, çox pressinq etdilər. Bunlara hazır olmalıyıq. Amma ümumən mənə ən vacibi futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bu görüşün faydası çox oldu. Futbolçular da gördü ki, öz idman formalarından uzaqlaşıblar. Biz də çatışmazlıqlarımızı gördük. İnanıram ki, bu oyunun ancaq faydası oldu. Futbolçularla danışılası, məşq prosesində diqqət ayırası çox elementlər oldu”.
Q.Qurbanov Andrey Lunyova bir epizodda irad bildirməsinin səbəbini barədə suala cavab olaraq söyləyib: “İrad deyəndə ki, oyun epizodu idi. İlk hissədən sonra bəzi fikirlərimi bildirmişdim. Bəzi epizodlarda ona əməl etmədi deyə, fikirlərimi bildirdim. Elə də, böyük irad deyildi.
O, Norveç səfərinə noyabrın 29-da yollanamaları haqda deyib: “Altı gün sonra oynayacağıq. Əvvəlki proqramımız iki gün öncə Norveçə getmək idi. Sonra dəyişdik, bir gün öncə ora getməyi planlaşdırdıq. Ayın 27 və 28-dəki məşqlərimiz çox vacibdir. Norveçə yol uzundur. Ümumiyyətlə, iki gün əvvəl proqram tutanda, səhər məşq edirik və sonra səfərə çıxırıq. Amma altı gün vaxtımız olduğuna görə, istədik ki, məşqlərimizi burada edək. Oyunöncəsi bir o qədər də məşqimiz olmayacaq. Əksinə, oyun günü səhər məşq edəcəyik. Üç saat fərqimiz var, Norveçdə də hava çox soyuqdur. Futbolçuları həm fiziki, həm də psixoloji olaraq çox yormaq istəmədik. Bəzən belə proqramlarımız olub, bu cür addımlar atmışıq.
Q.Qurbanov “Molde”nin illərdir ki, öz oyun stilində oynadığını və onu dəyişmədiyini vurğulayıb: “Onu da çox yaxşı icra edirlər. Stabil heyətləri və stabil oyunu var. Öz meydanında da çox fərqli və dinamik futbol nümayiş etdirirlər. Meydança amili də var. Süni örtüklü meydança daha çox bizə mane ola bilər. Çünki “Molde” illərdir ki, bu cür meydanda oynayırlar. Hava şəraiti də var. Amma bunları o qədər də düşünmürük. Bir oyunluq bu məqamlar bir o qədər də təsir etməli deyil”.
Q.Qurbanov “AFFA yığmanın yeni baş məşqçisinin seçimi ilə bağlı yeni işçi qrupu yaradıb. Siz yeni işçi qrupuna hansısa tövsiyyələriniz olacaq” sualını belə cavablandırıb:
“Xeyr. Mənim tövsiyyə etməyə hansısa səlahiyyətim yoxdur. İşçi qrupu deyəndə, özləri olacaq. Oxudum. Deyirlər, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Orada İcraiyyə Komitəsindən, federasiyadan, təcrübəli məşqçilərdən kimsə olacaq. Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim və ya tövsiyyə edim.
Mütəxəssis yığmada əcnəbi, yoxsa yerli baş məşqçi tərəfdarı olması və adının milli ilə hallanması haqda deyib: “Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Buradan məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim nə düzgün olar, nə də istəmirəm. 15 ildir ki, adım milli ilə hallanır. Tək mənim yox, digər məşqçilərin də adı milli ilə hallanır. Hər dəfə belə olub. Amma bu gedişat heç vaxt dəyişmir. Hər dəfə bu müzakirələr eyni proqram üzrə gedir”.