22 Noyabr 2024
Ölkə futbolu

“Azərbaycanda istedadlı oyunçular var, milli çox yaxşı futbol sərgiləyə bilər”

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən “Qarabağ” oyununun ardından mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə Ağdam təmsilçisinə qarşı alınan məğlubiyyəti belə şərh edib:

“Bu gün meydanda parlaq oyun var idi. Hər iki komanda hücum futbolu sərgilədi. “Qarabağ”a qarşı oynayırsansa, bu cür səhvlər etməməlisən, iki asan qol buraxmamalısan. Penaltini vura bilmədik. Oyundan sonra futbolçularım əlini sıxdım. Meydandakı mübarizələrinə görə onlara bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Yaxşı oyun oldu, amma nəticə bizim üçün pis oldu”.

Musayev daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Oyunun qırılma nöqtəsi penaltidən istifadə edə bilmədiyiniz an idi?

– Önəmli an idi. Əgər qol vursaydıq, fərqli olacaqdı. Çünki rəqib daha çox hücuma çıxacaqdı və arxada boşluqlar buraxacaqdı. Biz də ondan yaxşı istifadə edə bilərdik. Deyə bilmərəm ki, qırılma anı o idi. Amma oyunun ən önəmli anlarından biri oldu.

– Elvin Camalov bu gün niyə oynamadı?

– Aleksey İsayev və Kristian Da Silva Elvindən daha yaxşı formadadırlar. Elvin demək olar ki, millidə oynamadı. Kristian iki həftədir ki, çox yaxşı formadadır. “Turan Tovuz”a qarşı da səfərdə çox yaxşı oyun keçirmişdi. Ona görə də, onların hər ikisinə bu gün fürsət verdik ki, oynasınlar.

– Nicat Mehbalıyevin performansı haqda fikriniz necədir? 

– Oyunu barəsində ona heç bir idarım yoxdur. Nicat çox yaxşı çıxış edir. Demək olar ki, komandanı önəmli matçlarda xilas edir.

– Ceyhun Nuriyevi nə vaxt əsas komandaya qaytaracaqsız?

– Bu barədə heç nə deyə bilmərəm.

– Davit Volkov buna qədər Azərbaycandakı karyerası ərzində sağ cinah vingeri kimi oynayıb. Bu gün də eyni mövqedə gördük. Fasilədə onu əvəzləməyiniz oyununun alınmaması ilə bağlı idi?

– Səhhəti ilə bağlı problemi var idi deyə, onu dəyişdik.

– Azərbaycan milli komandasının baş məşqçi postu boşdur və axtarışlar da gedir. Özünüzü bu postda görürsüz?

– “Sabah”ın baş məşqçisi olmasaydım, Azərbaycan millisində işləmək mənim üçün böyük şərəf olardı. Ancaq indi mən “Sabah”ın baş məşqçisiyəm və bütün fikrim də bu klubla bağldıır. Azərbaycanda çox yaxşı futbolçular var və milli çox yaxşı futbol sərgiləyə bilirlər. Onlara da gələcəkdə uğurlar arzulayıram. 

– “Zenit”in baş məşqçisi Sergey Semak “Sabah”ın uğursuz çıxışı haqda danışarkən, “Murad Musayevin performansına mövsümün sonunda baxarsız” deyib. Sizcə, o, nəyi demək istəyirdi?

– Onun özündən soruşun. Bəli, biz bir-birimizi yaxşı tanıyırıq. Mən orada təcrübədə olmuşam. Əfsuslar olsun ki, “Neftçi” – “Zenit” oyunu günü mən Rusiyaya uçmalı idim. Fikrimcə, o, bunu turnir cədvəlində daha yaxşı yerdə olacağımızla bağlı demək istəyirmiş.

– Həm klubda, həm millidə işləmək praktikada olan məsələdir. Eyni vaxtda iki işi apara bilərsiz? Çünki sizi millidə görmək istəyənlər var. AFFA rəsmiləri də bildirib ki, millimizə yerli və ya mentalitetimizi yaxşı bilən məşqçi dəvət ediləcək…

– Təklif olarsa, müzakirə edə bilərik. Amma indi ortada heç nə yoxdur, heç danışıq da olmayıb. Bütün düşüncələrim “Sabah”la bağlıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43