Azərbaycan II Liqasında çıxış edən “Dinamo” komandasının oyunçusu Yusif Cəfərov ölkə kubokunun I təsnifat mərhələsi çərçivəsində “Göygöl”ə qarşı keçirilən matçdan (1:2) sonra AFFA tərəfindən cəzalanıb. Buna səbəb kimi futbolçunun oyunun hakimlərini təhqir etməsi göstərilib.
Vaxtı ilə U-15, U-19, U-21 millimizdə də çıxış edən Cəfərov bir dönəm “Kəpəz” forması ilə Premyer Liqada da mübarizə aparıb. Hazırda II Liqada top qovan təcrübəli futbolçu ilə sözügedən görüşdə baş verənləri və özünün qarşıdakı hədəfləri barədə danışdıq:
– “Göygöl”ə qarşı oyunda hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdiyin üçün 4 oyun cəza almısan. Həmin matçda nə baş vermişdi?
Kubok oyununa çox kölənmişdik, mərhələ keçmək istəyirdik. İlk öncə meydanda hakimə etirazdan sarı vərəqə aldım. Daha sonra oyundan əvəzlənəndə dördüncü hakimə “hər şey sənə görə oldu” dedim və yaxınlıqdakı zibil qutusuna təpik vurdum. Bəli, əsəbləşib söyüş söymüşəm, amma hakimlərə və ya başqa birinə yox. Ümumən əsəbləşmişdim və özümü saxlaya bilmədim. Baş hakim Emin Əliyev idi, istəmirəm mənim haqqımda pis fikirdə olsun. Onu təhqir etməmişdim. Hərəkətimdən peşmanam, ondan da üzrxahlıq edirəm. İstəmirəm kimsə məni o cür tanısın. Sadəcə, futbolda belə şeylər olur. Düzdür, olmasa daha yaxşı olardı. Ancaq artıq baş verib.
– Hazırda turnir cədvəlində 15 xalla 9-cu pillədəsiniz. “Dinamo”nun hədəfləri nədir?
– Mövsümün başlanmasına 10-15 gün qalmış yığılan komandayıq. Əksəriyyəti cavan uşaqlardı. Sağ olsunlar, mənə də şans yaratdılar, böyük futbola qayıtdım. Daha yuxarı pillələr üçün mübarizə aparırıq. Nəticə vermək istəyirik. Özümün də hədəflərim var. Əvvəlki formamı bərpa etmək niyyətindəyəm. Yavaş-yavaş buna yaxınlaşıram. Premyer Liqaya qayıtmaq, orada top qovmaq istəyirəm. Xüsusəndə “Kəpəz”də. Gəncəli olaraq doğma klubumda yenidən forma geyinmək ən böyük arzumdur. Çox istərdim ki, mənə bu şansı yaratsınlar. Bilsinlər ki, böyük futbola qayıtmışam. Aşağı yaş qruplarından tutmuş U-21-ə qədər yığma komandada oynamışam. Yenidən bu şansın gələcəyini gözləyirəm.
– Milli komandalarda çıxış etmisən, Premyer Liqa təcrübən var. Bəs niyə irəli gedə bilməmisən, II Liqada qalmısan? Buna səbəb nə olub?
Karyeramın ən yaxşı dövrlərində zədələr imkan vermədi. “Kəpəz”də oynayandan sonra I Liqaya düşdüm. Sonra pandemiya oldu, karantin düşdü. Belə-belə futboldan soyudum. Bir müddət Polşanın III liqasında da çıxış etmişəm. Türkiyədə bir komanda var idi, ora transfer olacaqdım. Amma alınmadı. Açığı, keçmişlə bağlı çox danışmaq istəmirəm. Qarşıya, gələcəyə baxıram. Özümə güvənirəm, Premyer Liqada şans verilsə, işimin öhdəsindən gələ bilərəm.
– Hazırda başqa klublardan səninlə maraqlanan, təklif göndərən var?
– Premyer Liqadan yoxdur. Açığı, Azərbaycan futbolunda heç kim digərindən beş baş üstün deyil. Sadəcə, birinin şansı gətirir oynayır, digəri inkişaf edib forma alır və s. Elə futbolçular oynayıb, elələri qıraqda qalıb ki…I Liqa klublarından mənimlə maraqlanan, təklif göndərən var. “Dinamo” ilə müqaviləm yanvara qədərdi. Sözləşməm bitəndən sonra qışda təklifləri dəyərləndirib qərar verəcəm. Əsas hədəfim Premyer Liqaya qayıtmaqdır. Xüsusən də öz doğma komandam “Kəpəz”də forma geyinmək istəyirəm. Şans verilsə, üzlərini “qara” çıxarmaram.
Həsən Quluzadə

