25 Noyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Bəzi oyunçularımızla maraqlananlar var”

“Futbolçularımı təbrik edirəm. Onlara təşəkkürümü bildirirəm. Azarkeşlərimizi təbrik edirəm. Neçə illərdir ki, belə şansımız olmuşdu, amma istifadə edə bilməmişdik. Hətta son saniyələrdə uğur əldə edə bilərdik, qaçmışdı. Şükür Allaha, bu gün hər şey gözəl sonluqla başa çatdı. Uzun illər gözlənilən uğur, nəticə əldə edildi. Hansı ki, təkcə biz yox, xalqımız gözləyirdi. Onlara görə çox sevinirəm. Belə uğuru əldə etmək həm futbolumuza böyük təkan verəcək, həm də futbolçularımıza böyük inam verəcək. Böyük komandaların Bakıya gəlməsi, belə turnirlərdə nəticə üçün oyunlarda oynamaq ancaq Azərbaycan futboluna fayda verə bilər. Buna görə şadam”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Hekken” görüşü sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Doqquz il əvvəl Bakıdakı “İnter”lə oyunu xatırlayırıq. Onda demişdiz ki, yolumuza davam edəcəyik. İllər boyu buna çatmaq nə qədər çətin idi?

– Belə hal yaşanmışdı. Bəzən bizim kimi komandalar üçün belə şanslar çox nadir hallarda olur. O şansı itirəndə, komandaya, rəhbərliyə, kollektivə təsir edir. Bir də gözləyirsən ki, nə vaxt belə şans olacaq. Dəfələrlə oldu. Məncə, hakimin saymadığı qola, geriyə qayıtmaq lazım deyil. Niyə? Çünki yenidən o günləri yada salmaq heç də yaxşı hal olmaz. Amma inanın ki, bəlkə də o oyunun, o qolun sayılmamasının bizim üçün faydası daha çox oldu, nəinki ziyanı. Əminliklə deyirəm. Bəli, 9 il əvvəl o siyahıda olacaqdıq. Hətta cənab prezident bizə dəyər vermişdi. Sanki klub daha çox möhkəmləndi, məsuliyyətimiz çoxaldı. Birbaşa ölkə başçısı tərəfindən diqqət ayrılmışdı. Həmin oyunun daha yaxşı formalaşmağımız üçün faydası oldu. Elə matçlar oldu ki, son saniyələrdə şansımızı əldən verdik. Bəzən elə oyunlar oldu ki… PAOK-u evdə, səfərdə udduq. Amma onlar səfərdə “Fiorentina”nı uddular. Elə hallar olmuşdu ki, bu, daha çox təsir etmişdi. Amma bu gün hər şey çox yaxşı bitdi. Bəlkə də bunun ləzzəti daha yaxşı olacaq. İllər boyu nəticəni gözləyəndə, əziyyətin yerdə qalmayanda, uğuru əldə edəndə, ola bilər uğur daha davammiyətli olsun. Kluba, futbolçularımıza daha çox fayda versin. Bu hallar qaçılmazdı. Böyümək üçün soyuqqanlı olmalıyıq, normal qəbul etməliyik ki, bizə təsir etməsin. Əlimizdə bəhanə tutmalı deyilik ki, o vaxtı belə oldu, ona görə uduzmuşuq. Düşünürəm ki, faydası daha çox oldu, nəinki ziyanı.

– Potensial rəqiblər bəllidi. Kiminlə qarşılaşmaq istəyərdiniz?

– Hər biri Çempionlar Liqasında oynayası komandalardır. Hətta o klubların içərisində ÇL-in qalibi olmağı qarşısına məqsəd qoyanlar da var idi. Hamısı ciddi rəqibdir. Hansı haqda düşünmüşəm desəm, doğru olmaz. Rəqib kim olsa, həmin matçlara çox ciddi hazırlaşacağıq ki, layiqli oynayaq.

– Telefonla danışırdız matçdan sonra. İlk təbriki kimdən aldız?

– Zaqatalanın icra başçısı idi. Çox böyük azarkeşdir. Hər oyundan sonra ən birinci zəng edənlərdəndir. Hətta birincisidir.

– “Rakuv”la oyundan sonra çoxlu tənqidlər var idi. Komandanı tərk edən oyunçular oldu. Bu mövsüm çəkdiyiniz çətinlikləri bilmək istəyərdik…

– Çətinliklər mənə bir o qədər çətin olmur. Çünki olayların içində oluram. Bəzən görürəm ki, kollektivdə hansı çatışmazlıqlar var. Onları necə aradan qaldıra biləcəyimizi düşünürük. Hər il tənqid olub. Tənqid olmayan ilimiz olmayıb. Normaldır. Futbolun ümumi gedişatı belədir. Azarkeş tənqid edər, media tənqid edər, bəlkə rəhbərlik edər, bəlkə bilmədiyimiz-düşünmədiyimiz insanlar. Amma bəzən hər ana real baxmaq lazımdır. Çətinlik və çatışmazlıqlardan narahat idik. Birdən-birə əsas oyunçuların komandadan getməsi, bəzi oyunçuların idman formasının aşağı olması… Bu, onlardan asılı deyildi. Çatışmazlıq var idi. “Rakuv”a uduzsaq belə, oyun baxımından ciddi problemlərimiz olmadı. Sadəcə keyfiyyət çatışmırdı. Bu da sağlam futbolçuların çox olmaması ilə bağlı idi. Gedişatlara hazır olmalıyıq. Komandama güvənirdim. Çünki elə oyunçular var idi ki, kimisi 3, kimisi 10 oyundan sonra daha yaxşı səviyyəyə yüksələcəkdilər. Kimsə tənqid edəndə əsəbiləşirik, narazılıq edirik. İnsanıq. Amma inanın ki, heç kimdən incəmərəm. Azərbaycanlılarımdan incimərəm. Hamınızı çox istəyirəm. Tənqidin o an təsiri ola bilər, amma sizi başa düşə-düşə daha da məsuliyyətli çalışmağa, keyfiyyətli işləməyə başlayırıq. Bəlkə də əziyyət, sizlərə, azarkeşlərə qarşı olan fikirlərimizdir ki, Allah bizə belə zəfər qismət etdi. Qruplarda oynayırıq, pley-off mərhələsinə çıxırıq. Bir klubun ayaqda durması, stabil qalması üçün çox yaxşı nəticədir. Klub, futbolçular, biz hamımız belə böyüməliyik. Çətinliklər olmasa, işləməyə, yaşamağa nə var ki?

– Marko Veşoviç qırmızı vərəqə ilə cəzalandırıldı. Onun yoxluğunu necə kompensasya edəcəksiz?

– Vaxtımız var hələ. O müddətdə kimi bilmirik heyətdə durum necə olacaq, rəqib kim düşəcək, futbolçularımın ümumi hazırlığı hansı səviyyədə olacaq. Marko Veşoviç əvvəlki matçlarda zədəli olanda Mateusu, Toralı oynatmışıq. Ciddi problem görmürəm. Amma istəyirəm ki, həmişə belə futbolçular meydanda olsun. Veşoviç təcrübəlidi, əziyyət çəkənlərdəndir, məşqlərdə intizamı qoruyub-saxlayır. Onların belə böyük oyunlarda olmasını istəyirəm. Olmasa, digər variantlardan istifadə edəcəyik.

Konfrans Liqasında pley-off mərhələsinə çıxdıqdan sonra aparıcı oyunçuları itirdiz. Bu mövsüm isə Avropa Liqasından pley-off mərhələsinə çıxdız. Bu, sizi narahat etmir ki, heyəti qoruyub-saxlaya bilməzsiz?

– Maraqlı sualdır. Bəli, belə uğurlar olanda, oyunçulara təkliflər olur. Böyük oyunlarda futbolçunun potensialını daha düzgün izləyə bilirlər. Bəzi oyunçularımızla maraqlananlar var. Biz daim istəmişik ki, oyunçularımızı qoruyub-saxlayaq. Amma bəzən bizdən asılı olmayan səbəblər olur, “yox” deyə bilmirik. Gedənlərdən sonra kollektivdə oyunçu azaldı. Amma klub olaraq biz başqa sahədə udduq. Avropa bazarına çıxdıq. “Qarabağ”la daha fərqli maraqlanmağa başladılar. Tək nəticələrə görə yox, klub olaraq, oyunçuların burada potensialının yaxşılaşması yönündə. Bəzən oyunçular gəlir, burada potensialını açırlar. Bu bazara çıxdıq. Amma bu gün də maraqlı, böyük təklif olsa, biz buna baxarıq. Başqa variantlara da əl atarıq. Hər bir halda, bu futbolçular bunu haqq ediblərsə, istəyərik ki, sona qədər bizimlə olsunlar. Minimum turnirin sonuna qədər. Lakin bu da bizim əlavə enerji itirməyimiz olacaq. Təklif olarsa, təbii ki. Deyə də bilmirik ki, olsun, ya olmasın. Təkliflər olarsa, dərindən düşünəcəyik.

Xarici kluba gedə bilərsiz? Oyunçuları istəyirlərsə, sizi də istəyənlərin olması mümkündür…

– Bilmirəm. Nə vaxtsa, onsuz da olmayacağıq. Bilmirik sabah başımıza nə iş gələcək. Amma harasa getmək barədə bu gün düşünmürəm. “Qarabağ”a çox bağlı insanam. Nə qədər ki, bu klub var, nə qədər ki, Qarabağ adı var, çox istəyərəm burada qalım, nəticə əldə edim. Dəyişikliklər ən böyük klublarda belə olub. Bəzən rəhbərlik klubu buraxır gedir, bəzən maddi olaraq səviyyə aşağı düşür. Hələ ki, “Qarabağ”dan getməyi düşünmürəm. Nəsə böyük bir şey olmasa, hələ ki, buradayam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43