Azərbaycan Premyer Liqasınıb XXI turu çərçivəsində keçirilən “Səbail” – “Qarabağ” (1:2) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.az məlumat verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
– Dramatik oyun izlədik. Yadıma gəlmir ki, bir oyunda 5 penalti olsun. Bu gün layiqli oyun oldu. Meydanın hər qarışında amansız mübariz getdi. Əsas məqsədimiz cinahlardan hücum etmək idi. Yeni oyunçular gəlib. Vaxt lazımdır. Zamanla daha yaxşı “Səbail” olacaq. Qarabağa qarşı belə oynadıqsa, alqışalayiqdir. Düşünmürəm ki, kimsə “Qarabağ”ın qapısı qarşısında bu qədər epizod yaratsın. Heç-heçə olsaydı, daha yaxşı olardı.
– Komanda sadə qol epizodlarından yararlana bilmədi…
– Hər dəfə təkrar edirəm, “Turan Tovuz”la oyundan sonra komanda qopdu. Ondan sonra məcbur olduq beşli müddafiəyə keçdik. Amma bu gün də oyunçular bəzən gözləmədiyim epizodlardan yararlanmadı. Zamanla daha yaxşı olacaq.
– Cabirin əvəzinə əvəzedicilərdən oyunçu tapmaq olarmı?
– Cabir zədədən sonra tam toparlanmayıb. Mənim xahişimlə oynadı. Zədədən sonra tam toparlana bilməyib.
– “Zirə” ilə matça hazırlıqlar gedir?
– Komandada rəqabət var. Oyunçular forma davası edir. Zədəlilər meydana qayıtmağa hazırdır. Bu oyunun 50 faizini oynasaq, daha yaxşı olar.
– Son oyunlarda komanda qələbə qazanmır. Geriləmə müşahidə olunur. Mövsümün əvvəlindəki avrokuboklarla bağlı fikir dəyişməyib?
– Başlanğıcda məqsədimiz “6-lıq”da olmaq idi. İkinci dövrədən sonra isə gördük ki, komanda avrokuboklara vəsiqə qazana bilər. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq.
– Ağabalanın vəziyyəti necədir?
– Qayıtsa da, əvvəlki formada olmayacaq. Onun yoxluğu ilə barışmışıq.
– “Qarabağ”ın “Sabah”la oyunundan sonra komandanızı bu matçda necə hazırladınız?
– Oyundan əvvəl Qurban Qurbanova dedim ki, məni istefaya yollamayacaqsan? “Qarabağ”la açıq futbol oynamaq cinayətdir. Çətindir. İkinci hissədə itirəcəyimiz nəsə olmadı, açıq futbol oynadıq. Riskə getdik, futbolçularda inam yaratdıq.
– Hakimlik haqda fikriniz nədir?
– Hakimlər haqda rəy verməyəcəm. Bəzən hakimlər də çatdıra bilmir. Onlar da insandır, səhv edə bilər.