20 Sentyabr 2024
Ölkə futbolu

Təəccüb, təəssüf…

“Turan Tovuz”un hədəf böyütməsi və klubun növbəti mövsümdən avrokubok iddiası azarkeşləri həyəcanlandırsa da, ictimaiyyətdə müxtəlif müzakirələrə yol açmışdı. Tovuz təmsilçisinin özünü bu hədəfə hazır hiss etməsi, rəhbərliyin belə bir qərar alması gözlənilməz olduğu qədər də başadüşüləndi.

Bütün klublar kimi “Turan Tovuz” da böyüməyə, inkişafa doğru addım atmağı hədəfləyib. Üstəlik klub rəhbəri Ehtiram Quliyevin ictimaiyyətdəki səmimiyyəti və Tovuz futbolu üçün gördüyü işlər azarkeş tərəfindən müsbət qarşılanır. Bu gün Quliyevin klub barədə istənilən qərarı futbolsevərlər tərəfindən tam dəstək alır. Ona olan güvən yerli publikada pik həddədi.

Ancaq bütün bunlarla yanaşı, Tovuz azarkeşləri daima klubun başı üzərindədi. Fanatlar mövsüm ərzində komandanın uğuruna sevinməklə bərabər, bəzən aqressivlik də nümayiş etdiriblər. Tovuz azarkeşi hər fürsətdə klubun əsl sahibinin özlərinin olduğunu göstərir. Bu, dünyadakı bütün böyük klublarda belədi.

Bölgədə azarkeşlərlə çalışmaq, onlara və ictimaiyyətə görülən işləri düzgün çatdırmaq vacib məqamdı. Bu əhəmiyyətli iş həm bölgənin, həm də ictimaiyyətin yaxından tanıdığı şəxslərə həvalə edilir. “Turan Tovuz” bu cəhətdən heç bir problem yaşamamılıdı. Çünki bölgədə həm yerli publika tərəfindən sevilən, həm də ictimaiyyətdə sözünə etibar edilən Nadir Nəbiyev kimi futbol adamı var.

Tovuz fanatlarının sevimlisi sayılan Nəbiyev illərdi “Turan”ın simasıdı. Ən çətin dönəmlərdə belə daima mətbuata açıq olub, klubun yaşaması üçün mübarizə aparıb. Ancaq təəssüf ki, Tovuz klubunun yüksəlişə keçid dönəmində Nəbiyevi ön planda görmürük. O, hələ ötən mövsümdən klubun hədəfləri, strategiyası və s. kimi vacib mövzularda susma mövqeyini seçib və ya buna məcbur qalıb.

Maraqlıdı, sahəyə yaxından bələd olub və illərdi klubda əsas söz sahibi olan Nəbiyev niyə bu mühim prossesdən kənarda saxanılır? Azərbaycan futbolu hər zaman sahəyə zidd olan adamların səhv qərarlarının bədəlini çox ağır ödəyib. Biz illərdi futbol adamlarının ön plana çıxmasını, bu işdən anlayışı olanların aktiv fəaliyyətdə olmasını yazmışıq.

Bu gün “Turan Tovuz” üçün Nəbiyev kimi etibarlı sahə adamları böyük fürsətdi. Klubun özünü ifadə etməsindən tutmuş, azarkeşlərlə çalışmağa qədər bütün əhəmiyyətli məsələlərdə Nəbiyev kluba rahatlıqla kömək edə bilər. Necə ki, illərdi edir. Lakin hal-hazırda onun “kölgə”də qalması təəccüb və bir o qədər də təəssüf doğurur.

İndiki məqamda onun təcrübəsindən, xarakterindən sözün yaxşı mənasında istifadə ediləsi bir dönəmdə hiss edilən soyuqluq böyüməyə, inkişafa əngəl ola bilər. Klub rəhbəri Ehtiram Quliyevin bu məsələlərə həssas yanaşdığını və kollektiv formalaşdırmadan əsas uğurun gəlməyəcəyini bildiyindən şübhə etmirik.

Əgər daxildə hər hansı bir cəbhə açılıbsa və kimlərsə addım-addım səhvə doğru irəliləyirsə, “Turan Tovuz” üçün ciddi zərbə ola bilər. Zaman küskünlük, intriqa vaxtı deyil. Klubun yüksəlişi yalnız bu hədəfə köklənməklə ola bilər. Müşahidə olunan soyuqluq ümid edirik ki, tez vaxta aradan qaldırılar. Əgər ortada bir problem yoxdursa, görüntü dəyişməlidir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43