25 Noyabr 2024
Ölkə futbolu

Azərbaycanlı futbolçu beyin silkələnməsi keçirdi, oynamağa davam etdi – VİDEO

Azərbaycan I Liqası II turu çərçivəsində keçirilən “Cəbrayıl” – “Zaqatala” görüşündə qorxulu anlar yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ilk hissəsində iki futbolçu – Cəlal Cəbrayılov (“Zaqatala) və Ravil Qafarov (“Cəbrayıl”) baş-başa toqquşub. Futbolçuların durumunun ciddi olduğunu görən referi dərhal həkimləri meydana dəvət edib.

“Zaqatala”nın hücumçusu Cəbrayılov huşunu itirərək özündən gedib. Dili qatlanan futbolçunun eyni zamanda başı da yarılıb. Maraqlıdır ki, həkimlərin müdaxiləsindən sonra birtəhər özünə gələn Cəlal yenidən meydana daxil olub. O, məşqçilər heyəti tərəfindən əvəzlənməyib.

36-cı dəqiqə ciddi zədə alan oyunçu nəhayət 88-ci dəqiqədə meydanı tərk edib. Futbolçu görüşün ardından xəstəxanaya üz tutub. Həkimlər Cəbrayılovun beyin silkilənməsi keçirdiyini deyərək, ona müalicə yazıb.

Digər başından zədə alan futbolçu Ravil Qafarov isə dərhal əvəzlənib və stadionu təcili tibbi yardımla tərk edib. Həkimlər onun təxminən 10 gün məşqlərdən uzaq qalmalı olduğunu bildirib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43