04 Oktyabr 2024
Ölkə futbolu

Aqressiya itdi, hər şey bitdi?

“Qarabağ”a nəsə olub. “Dinamo” oyunlarından bu yana ən çox işlədilən ifadə budur. Komanda “Tottenhem” görüşündə də, dünənki “Malmö” oyununda da özünə bənzəmir. Londondakı matçda qaçırılan epizodlar müəyyən qədər problemlərin üstünü örtsə də, İsveç klubuyla qarşılaşma hər şeyi göstərdi. Ağdam təmsilçisi əvvəlki performansından uzaqdır.

Enişdəki ən birinci məqam aqressivliyin itirilməsidir. O sona qədər döyüşən, mübarizə aparan komanda sanki gedib, onun yerinə qırılqan, yumşaq futbol sərgiləyən bir komanda gəlib. Ötən mövsümkü “Bayer” və “Molde” görüşlərini xatırlayın. Həmin matçlardakı sürətli oyun, güclü pressinq və eyni səviyyədə istək müşahidə olunurdu. Baxan kimi futbolçuların avrokubok oyunlarını böyük həvəslə, səbrsizliklə gözlədiyi hiss edilirdi.

İkinci məqam eyni üslubla davan edən oyunun rəqiblər tərəfindən açılmasıdır. Hərçənd “Qarabağ” tamamən təkrar oyun nümayiş etdirməsə də, komandanın sistemi az-çox bilinir.

Çempionlar Liqası təsnifat görüşündə “Ludoqorets” matçına qayıdaq. Rəqib “köhlən atlar”ı çox yaxşı analiz etmişdi. Heç bir komanda Bolqarıstan klubu qədər təmsilçimizi bağlaya bilməmişdi. Dünən də “Malmö” bunu bacardı.

“Qarabağ” qapanan, sıx müdafiə/mübarizə aparan komandalara qarşı sanki dirənir, “açar” tapılmır. Təxminən bir neçə il əvvəl komandamız özü bu oyunu ortaya qoyurdu. Ancaq illər keçdikdə açıq oyuna üstünlük verilməsi, müasir futbolun dərinliyə keçmə cəhdi nisbətən üslubu dəyişdirdi. “Qarabağ”ın rəqiblərə qarşı aşkar favorit görüntüsünün yaranması, bir az da yaxşı mənada həddi aşması uğursuz nəticələrə gətirib çıxarır.

Bəli, “Qarabağ” adlı-sanlı, böyük klublara qarşı başa-baş oyun sərgiləyə bilir. Amma bu tərz nisbətən daha ortabab – “Dinamo”, “Malmö” kimi rəqiblərə keçmir. Çünki qarşıdakı komandalar elə böyük klubların oynadığı kimi çıxış etmək istəyən “Qarabağ”a qarşı fərqli hazırlanır və nəticəni əldə edir.

Qurban Qurbanov ilk öncə futbolçularına əvvəlki istəyi, hirsi yenidən aşılamalıdır. Çünki “Qarabağ” uğurlarının əsas təməlində həmişə böyük bir aqressiya yatıb. Təbii ki, ilk öncə özü bu həyəcana qayıtmalı və ya bu problemin fərqində olmalıdır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43