26 Noyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Bəli, bugünkü penalti yüngül, asan penalti idi”

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. İlk hissədə çox yaxşı müdafiə olunmuş komandaya qarşı oynayırdıq. “Şamaxı” çox sıx, çox kompakt oynayırdı. Ona görə ilk hissədə bir, ya iki qol epizodumuz oldu. İkinci hissə daha açıq oyun getdi. Futbolçularımıza oynamaq daha rahat oldu. Vacib qələbə idi. Hər qələbə çempionatdakı yerimizi qoruyub-saxlamağımız üçün vacibdir. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram. Oyunun əvvəlində mənə və komandama dəstək olan azarkeşlərimizə təşəkkür edirəm”.

İdmsnxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunun “Şamaxı” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra qazandıqları penalti barədə danışıb:

“Əfsuslar olsun ki, nə qədər futboldan danışılırsa, bir o qədər də hakimlikdən danışılır. Bu, heç yaxşı hal deyil. Dünya futboluna baxsaq, hər yerdə eyni ssenaridir. Bəzən biz də anlaya bilmirik ki, bizim düşüncəmizlə düzdür demək, hansı epizodda hakimin qərarının düzgün olduğunu düşünmək olar. Elə qaydalar deyirlər ki, biz onu bilmirik, görməmişik, eşitməmişik. Kitabla elə şeylər deyirlər ki, belə qalırıq. Bəli, elə bugünkü penalti də yüngül, asan penalti idi. Amma ümumən avrokuboklardakı son oyunda gördüklərimdən sonra öz hakimlərimizə deyəcək söz yoxdur. İşlərini görürlər. Həmişə tərəfdarı olmuşam ki, bəsit sarı, qırmızı kartlar verilməsin. Çünki hər bir komanda həftəboyu hazırlaşır ki, hansısa oyun üslubunu qursun, rəqabət göstərsin. Ancaq görürsən ki, bəsit sarı vərəqə oyunçunu ehtiyatlandırır və ikinci sarı vərəqədən sonra komanda azlıqda qalır, bütün planlar pozulur. Burada həm futbolçuların, məşqçinin, rəhbərliyin əziyyəti heç olub gedir. Futbol çox kapriz idman növüdür. Hakimlik də ağır peşədir. Hamımız mən qarışıq gedək hakimliyin üstünə, onlar da çətinlik çəkə bilərlər. Futbol mübarizə oyunudur. Bugünkü oyunun tempi o qədər dayandı ki, futbolçularım bəlkə yorğun idilər. Amma yorğun halda da, tempi gərək qaldırmaq qabiliyyətində olsunlar. Oyun sanki çox dayandı, pauzalar çox idi. Hakimlərdə də, bizdə də, futbolumuzda da temp qalxmalıdır. Çox cüzi olaraq hakimləri qınayıram. Çünki onların peşəsi çox ağırdır, qayda-qanunlar var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43