“Artıq 5 gündür buradayıq, hər gün məşqlərimiz olur. Bu, bizim üçün çox vacib matçdır. Taktiki və mental cəhətdən oyuna köklənirik. Layiqli oyun göstərmək və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin hücumçusu Musa Qurbanlı UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilcək Estoniya oyunu barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– D Liqasına yuvarlanmaq təhlükəsi var. Komandanın üzərində bunun təzyiqi hiss edilir?
– Əlbəttə ki, fərqindəyik. Oyunun nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik.
– Bu mövsüm qol vurmamısan. Səbəbi nədir?
– Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Oynamağa təzə başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacam.
– Fernandu Santuş milliyə gələndən nəticələr dəyişmir, milli yenə uduzur. Dəyişən nəsə var?
– Hər məşqçinin öz fəlsəfəsi var. Fernandu Santuş böyük məşçidir. Bu, mənim onunla ilk toplanışımdır. Biz də onun fəlsəfəsinə alışmalıyıq. Bunu meydanda yüz faiz edəndən sonra nəticələr daha yaxşı olacaq.
– “Yurqorden” karyeran uğurlu alınmadı. Bunun təsiri üzərində qalıb?
– Əlbəttə ki, bunu normal qarşılayıram. Mental olaraq asan deyildi. Bilirdim ki, məndən gözləntilər böyükdür. Çalııram ki, bunu müsbət tərəfə aparım. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldır. Bunlardan dərs çıxarmaıyam. Hələ gəncəm, karyeramın başındayam. Düşünürəm ki, Avropada olmaq mənim üçün yaxşı təcrübə oldu. Çalışıram ki, gələcəkdə daha yaxşı olum.
– Slovakiyaya, İsveçə qarşı oynayanda deyirlər ki, heyət səviyyələri bizdən üstündü. Bəs Estoniya necə? Onlar da bizdən üstündürlər?
Açığı, rəqibləri özümüzdən üstün görmürük. Heç Estoniyanın futbolçularının hansı klubda oynadığını, adlarını bilmirəm. Biz sadəcə öz oyunumuza köklənmişik.