Fernandu Santuş deyir ki, məqsədimiz AVRO-2028-də çıxış edəcək yaxşı komanda qurmaqdı. Hansı futbolçularla? Söhbət əlindəki heyətdən gedirsə, bu, mümkün deyil.
Santuş kifayət qədər təcrübəli mütəxəssisdir. Mövcud oyunçularla o səviyyədə komanda qurula bilməyəcəyini çox yaxşı dərk edir. Onların yerinə namizəd futbolçuların da nəticələri göz qabağındadı. Millinin bütün yaş qrupları biabırçı vəziyyətdədi.
Bəs AFFA rəhbərliyi nəyə əsasən inanır ki, biz AVRO-2028-də ola bilərik. Nəyə əsasən buna ümid edilir və belə hədəf qoyulur? Santuşmu onları buna inandırıb, yoxsa bunlarmı məşqçini razı salıb? Avropa çempionu olmuş məşqçimiz var deyə, biz də AÇ-yə gedəcəyik? Yəni bu ümid, bu pozitivlik hardandı? Nağıllar aləmində belə olmayacaq bu möcüzəyə necə bir inanmışlıq var ki, hər dəfə təkrar edilir. O xəyali komandanı quracaq futbolçuları kim yetişdirib ki, siz tapasınız?
İndiki vəziyyətdə yaxın 2-3 il üçün milli komandaya yüksək hədəf qoymaq, uğurlu nəticə olacağını söyləmək insanları aldatmaqdan başqa bir şey deyil. Bizim AÇ, DÇ hədəfimiz-filan yoxdu. Ümumiyyətlə, bizim hazırda futbol adına heç nəyimiz yoxdu.
Həsən Quluzadə