13 Yanvar 2025
Ölkə futbolu

Ayxan Abbasov: “Xalımız Premyer Liqada qalmaq üçün pis deyil”

“Üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölərdim. İlk yarıda 3-4 qol vura bilərdik. İkinci hissədə rəqibin təzyiq edəcəyini gözləyirdik. Belə də oldu. Gənc futbolçularımız panikaya düşdü. Amma uşaqlar xarakter göstərdi. Müvəqqəti çətinlikdir. Daha yaxşı olacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Turan Tovuz” görüşü (3:2) sonrası deyib. O, daha sonra Adil Nağıyev və Georgi Kantaryanın komandadan ayrılması barədə də danışıb:

“Sosial şəbəkələrdə bu mövzu çox gündəm oldu. Hətta deyirdilər ki, “Şamaxı” dağılır. Maddi baxımdan heç bir problemimiz yoxdur. Yaxın günlərdə rəsmi məlumat verəcəyik. İndi onu deyə bilərəm ki, iki futboloçu ilə yollarımızı ayırmışıq. Qarşıda 3 çətin oyun var. Bu gün futbolçuların göstərdiyi xarakter mənə inam verdi ki, daha yaxşı olacağıq”.

Daha sonra baş məşqçi “Şamaxı”nın sonuncu pilləllərə yaxınlaşması barədə danışıb:

“Mövsümün əvvəlində də demişəm ki, mübarizə sona qədər gedəcək. O komandalarla eyni səviyyədəyik. İndiki xalımız Premyer Liqada qalmaq üçün pis deyil. Əlbəttə daha yaxşı ola bilərdik. Zədələr, cəzalar, bəzən rəqiblərin yaxşı oyunu nəticəyə təsir edib. Yolumuza davam edəcəyik. Həmin rəqiblərlə hələ iki oyunumuz olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43