04 İyun 2026
Ölkə futbolu

“Hazırda üzrlük bir şey yoxdur” – Vaqif Cavadov

“Sumqayıt” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sabah”a 0:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

İdmanxeber.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– İki fərqli hissə izlədik. Çox yaxşı rəqibə məğlub olduq. Hesab öz sözünü dedi. Ona görə də nəsə deməyə ehtiyac yoxdur.

– Komanda 10 oyundur qol vura bilmir. Nə düşünürsünüz?

– Fikirləşdiklərimizi reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Komanda 0:4 uduzub. Amma qol imkanlarımız var idi. Nəyəsə gücümüz çatmır. Əgər getməyim komandanın xeyrinədirsə, gedərəm. İnanıram ki, bu vəziyyətdən çıxacağıq.

– Konkret olaraq problem nədir?

– Qol imkanlarından istifadə edə bilmirik. “Sabah” 4 imkanın hər birini qola çevirdi. Bu, onların ustalığından xəbər verir. İndiki halda nə deyə bilərəm? Komanda son sıralardadır və heç nə alınmırsa, baş məşqçi getməlidir, gedərəm. Amma bu vəziyyətdən komandanı çıxarmaq istəyirəm. Deyirlər ki, Vaqif çox danışır, işini görsün. Mən futbolçu olanda da nə varsa, demişəm. Məsləhətə qulaq asıb, az danışacam.

Daha neçə oyunda qol vurmamalısınız ki, azarkeşlərdən üzr istəyəsiniz?

– Bu sual bir az adekvat deyil. O vaxt üzr istəyərəm ki, komanda bərbad oyun sərgiləyir, aşağı liqaya düşürük. Hazırda üzrlük bir şey yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43