“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın “24 sports”a istinadən verdiyi məlumata görə, “ağ-qaralar” Kiprin “Apollon” klubundan Giorgos Malekkidislə maraqlanır. Paytaxt klubu Limassol klubuna müdafiəçinin transferi ilə bağlı müraciət edib. Lakin qarşı tərəf 600 min avro təzminat tələb edib.
“Neftçi” tərəfi isə kiprli müdafiəçi üçün maksimum 300-350 min civarında təzminat ödəyə biləcəyini “Apollon” rəsmilərinə bildirib.
Danışıqlar davam edir və məsələyə yaxın günlərdə tam aydınlıq gələcək.
Qeyd edək ki, sol cinah müdafiəçisi olan Malekkidis 1.90 boya malikdi. Kipr millisində 6 dəfə forma geyinən futbolçu yalnız ölkəsinin klublarında çıxış edib.

