17 İyul 2026
Ölkə futbolu

“3-4 gün ərzində sözügedən qərarın ləğv ediləcəyi gözlənilir” – “Səbail”dən açıqlama

“Bəli, bu barədə müvafiq qərar mövcuddur. Bununla yanaşı bildiririk ki, “Səbail” tərəfindən futbolçu Mustafa Yakubuya olan bütün əməkhaqqı öhdəlikləri 9 iyun tarixində tam həcmdə yerinə yetirilmiş, tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilmişdir”.

Bu sözləri İdmanxeber.az saytına “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov FİFA tərəfindən kluba qoyulan transfer qadağası barədə danışarkən deyib. Klub rəsmisi daha sonra belə davam edib:

“Futbolçu müvafiq quruma müraciətini ödəniş həyata keçirilməzdən əvvəl etdiyi üçün sözügedən qərar qəbul edilmişdir. Hazırda qərarın ləğv edilməsi istiqamətində bütün zəruri hüquqi və inzibati prosedurlar icra olunur. Borcun tam ödənilməsini təsdiq edən bütün rəsmi sənədlər aidiyyəti quruma təqdim edilib. Mövcud vəziyyət nəzərə alınaraq, 3-4 gün ərzində sözügedən qərarın ləğv ediləcəyi gözlənilir. Heç bir naratlığa əsas yoxdur, heç bir borcdan söhbət gedə bilməz”.

Xatırladaq ki, “Səbail” futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirmədiyi üçün FİFA-dan transfer qadağası qərarı ilə üzləşib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43