22 İyul 2026
Ölkə futbolu

Hekayə yeni başlayır

“Sabah” çempion olandan sonra avrokuboklarda minimum hədəf Konfrans Liqasının Liqa mərhələsi olmalı idi. Bu gün “Bayquşlar” bunun bir addımlığındadı.

Əslində klublarımız (“Qarabağ”dan başqa) çoxdan bu səviyyədə mübarizə aparmalıydı. Bunun üçün yetərincə imkan olub.

Premyer Liqanı ikinci, üçüncü tamamlayan, ölkə kubokunu qazanan komandalarımız bu günə qədər Konfrans Liqasının Liqa mərhələsində olmaması böyük vizyonsuzluqdu. Bəhanəsiz, şikayətsiz bunu bacarmaq lazım idi.

Hər nə qədər klub idarəedicilərimiz bəhanə aparatı olsalar da, uğursuzluq göz qabağındadı. Nəhayət, bu əzik psixologiyadan qurtulmalıyıq.

“Neftçi” və “Zirə”dən də uğurlu nəticə gözləməli, bəhanəsiz yaxşı mübarəzi tələb etməliyik.

“Sabah”a qayıdaraq bildirək ki, işlər qaydasındadı. “KuPS”a qarşı hesab üzücü olsa da, oyun gözləniləndən də üstün idi. Finlandiyaya daha fərqli hesabla da  yollanmaq olardı.

Bunun üçün hər şey ideal idi. Valdas Dambrauskasın planı alınmışdı, komandanın motivasiyası, istəyi də yetərincəydi. Tək çatışmazlıq epizodlardan istifadə edə bilməməkdi. Bu, problemdi. Amma mənə görə, ah-vah etmək lazım deyil.

Çünki oyun yerindədi. Üstəlik, ilk tura baxmış daha da inkişaf edib.

Hələlik “Sabah”ın avrokuboklar hazırlığı çox yaxşı görünür. Komanda bu turların üzərində performans sərgiləyir.

Konfrans Liqasının bir addımlığında olmaq, Avropa Liqası, Çempionlar Liqası yoluna mane deyil.

Böyük hədəflərlə böyüyürsən. Bacarana baş qurban.

İndi hesabı unudub Finlandiyadakı görüşə tarixin ən vacib oyunu kimi hazırlaşmaq lazımdı. “Sabah” rəqibini səfərdə daha yaxşı oyunla, daha yaxşı nəticə ilə məğlub edə biləcək komandadı. Yetər ki, oyun intizamı dağılmasın.

Minimum hədəfin 90 dəqiqə uzağında olmaq yaxşı motivasiyadır. Təmkinlə yola davam etmək lazımdı.

Hekayə yeni başlayır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43