09 İyul 2026
Ölkə futbolu

“Ardıcıl qələbələrlə başlamağımız gözlənilən idi” – “Zirə”nin kapitanı

“Zirə”nin kapitanı Qismət Alıyevın idmanxeber.az saytına müsahibəsi

-3 oyuna 9 xal qazanmısınız. Belə başlanğıc gözləyirdiniz?

-Yaxşı təlim-məşq toplanışı keçirmişdik. Mövsümə hazırlanmaq üçün vaxtımız var idi. Biz də bundan səmərəli istifadə etdik. Hər oyuna qələbə üçün çıxırıq. Çempionata qələbə ilə başlamaq çox əla idi. Bizə əlavə təkan oldu. Ardıcıl 3 oyun qazanmağımız gözlənilən idi. Ancaq hazırda bir çox komanda üst-üstə qələbələr ala bilər. Hamı heyətini gücləndirib. Yaxşı seriya yaxalasaq da, yolun başındayıq. Qarşıda bizi çətin oyunlar gözləyir.

-“Qarabağ” qələbəsi ilə başlamaq yəqin ki, əlavə motivasiya oldu…

-Başqa rəqib olsaydı belə qalibiyyətlə başlamaq komandaya əlavə güc verir. Qarşıdakı oyunlara böyük istəklə, həvəslə çıxırsan. Motivasiya önəmlidir. Mövsümün əvvəlində uğurlu start götürərək özgüvənimizi artırmış olduq. Bu, bizim üçün çox vacib idi.

-Ötən mövsümlə müqayisədə komandada çox fərq var. Bu müsbət dəyişikliyin səbəbləri nədir?

-Mövsüm öncəsi keçən ilki səhvləri analiz etdik, onların üzərində işlədik. Hələlik bəhrəsini görürük. Ancaq dediyim kimi, mövsüm yeni başlayıb. Qarşıda çətin oyunlar çoxdur. Bu il çox gərgin mövsüm keçəcək. Bütün komandalar yuxarı pillələr üçün mübarizə aparır. Rəqiblər çox yaxşı heyət yığıblar. Bizdə əlimizdən gələnin ən yaxşısını etməliyik. Meydanda maksimum mübarizə aparmasaq, nəticə gəlməz.

-Ötən mövsüm avrokuboklar hədəfini həyata keçirə bilmədiniz. Bu il sanki olacaq…

-İndidən bu barədə danışmaq çox tezdir. Hələ cəmi üç oyun geridə qalıb. Əlbəttə, məqsədimiz odur və bunun üçün çalışırıq. Açığı, ötən mövsüm də pis çıxış etmirdik. Yaxşı oyunlarımız oldu. Xırda səhvlərə görə avrokuboklardan kənar qaldıq. Düzdür, bu mövsüm yaxşı başlasaq da, hələ yarış indi start götürüb. 3 qələbimiz var deyə, hədəfə çatmışıq demək olmaz. Unutmayaq ki, uğurlu qələbə seriyası ilə yanaşı, hər komandanın eniş dövrü də olur. Rəqiblər də vaxt keçdikcə formaya düşəcəklər. Çətin oyunlar hələ qarşıdadır.

-Üç oyunda maksimum nəticə göstərsəniz də, baş məşqçi Rəşad Sadıqov komandanın tam hazır olmadığını bildirir. Bu barədə nə düşünürsən?

-Məşqçimiz nəsə görməsə, belə deməz. Açığı, mən də razıyam. Heyət səviyyəsini indi qiymətləndirmək olmaz. Mövsümün əvvəlidir, hələ hamımız tam formaya düşməmişik. Oyunlar getdikcə, komanda tam hazır olacaq və hər kəsin gücü bilinəcək.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43