28 İyul 2026
Ölkə futbolu

“Avrokuboklarda mərhələ keçən ikinci məşqçiyəm, özümü Premyer Liqada sınamaq istəyirəm”

Əvəzedicilər liqasında turun mərkəzi qarşılaşması Qəbələdə yerli komanda ilə “Neftçi” arasında baş tutdu. Turnir cəvəlində bir-birinə yaxın olan iki komandanın duelindən “ağ-qaralar” qalib ayrıldı. Bakı təmsilçisi bu qələbə ilə xallarının sayını 70-ə çıxararaq, ən yaxın izləyicisi “Qəbələ” ilə xal fərqini 4-ə yüksəltdi. 

Qarşlaşmanın ardından əyalət təmsilçisinin baş məşqçisi Famil Xəlilovla görüş barədə söhbət etdik. “Qəbələ” Futbol Akademiyasına da rəhbərlik edən gənc mütəxəssisin İdmanxeber.az saytına verdiyi müsahibəni təqdim edirik:

– Çempionluq üçün vacib oyunda məğlub oldunuz. Görüşü necə şərh edirsiniz?

İlk öncə “Neftçi”ni təbrik edirəm. Komandam pis oynamadı, qol epizodlarımız da oldu. Amma istifadə edə bilmədik. Futbolda bəhanələrə yer yoxdu. Bu cür oyunlarda şanslardan istifadə etmək lazımdır. Qısacası, məğlubiyyəti haqq etdik. Müdafiədə çox adi səhvlərimiz oldu. Halbuki rəqibin təhlükəli oyunçuları barədə futbolçularımıza xəbərdarlıq etmişdik. Bir standart vəziyyətdən, bir də öz fərdi səhvimizdən qollar buraxdıq. Sonra da toparlanmaq çətin oldu. İkinci hissə bizim üstünlüyümüzlə keçsə də, hesabı dəyişə bilmədik.

– Heyətdə “Qəbələ”nin əsas komandasında çıxış edən bəzi futbolçular var. Ümumiyyətlə, hazırda Premyer Liqa səviyyəsində oyunçularınızın sayı çoxdur?

Təbii ki, var. Oyunçuların hamısı istedadlıdır. Bu uşaqlara klub olaraq çox güvənirik. Gələcəkdə böyük futbol oynamaq şansları var. Sadəcə, bunların arasına bir neçə təcrübəli futbolçular da qatmaq lazımdı. Deməzdim ki, bu komandayla hamını Premyer Liqada üstələyərik. Ancaq bu oyunçulara da şans vermək lazımdır.

– Yəni “Qəbələ” Premyer Liqadan düşsə, bu komanda ilə yenidən elitaya qayıda bilərsiniz?

Qayıtmaq olar. Ancaq dediyim kimi, heyətə bir neçə futbolçu cəlb etməklə.

– Maraqlıdır, əvəzedicilər liqasında gələcəkdə Azərbaycan futbolunda özündən söz etdirəcək uşaqlar var?

Elə uzağa getməyək. “Neftçi”nin heyətində olan Ağadadaş Salyanskini nümunə göstərmək olar. Bu uşağı körpəlikdən tanıyıram. Hətta millidə olduğum vaxtlarda onu da heyətə dəvət etmişdim. O, kiçik yaşlarından böyük futbolda oynaya biləcəyinin siqnallarını verirdi. Bu gün də onu göstərir. Çempionatın bombardiridi. Deməli, şans vermək lazımdır. Üstəlik həmişə hücumçu baxımından əziyyət çəkmişik. Bizdəki Sənan Ağalarovu da qeyd etməliyik. Uşaq vaxtlarında bu oyunçunun 25-30 qola çıxıdığı dönəmlər var idi. Bunlar təsadüfən vurulan qollar deyil. Hissiyat olmalıdır. Bu oyunçular lazım olan vaxtda doğru yerdə ola bilirlər.

– Özünüzdən danışsaq, sizi nə vaxt Premyer Liqada görəcəyik?

Əlbəttə, mənim də hədəfim var. Artıq 18 ildir “Qəbələ”dəyəm. Milli komanda səviyyəsinə kimi getmişəm, U-19-da çalışmışam. Bu yaş qrupunda avrokuboklarda mərhələyə adlayan ikinci məşqçiyəm, özümü Premyer Liqada da sınamaq istəyirəm. Güvənən olsa, hazıram. 

– Siz eyni zamanda akademiyaya da rəhbərlik edirsiniz. Hazırda futbol ictimaiyyətini maraqlandıran sullardan biri də budur ki, “Qəbələ” Premyer Liqanı tərk etsə, akademiyanın aqibəti necə olacaq? Yeni uşaqlar görəcəyik yenə?

Təbii ki, olacaq. Bizdə yalnız pandemiya dönəmində durğunluq yaşanıb. Ondan sonra artıq 4 ildir mən idarə edirəm. Kifayət qədər işlər görmüşük. Tam əminliklə deyə bilərəm ki, növbəti illərdə də əvvəllər olduğu kimi istedadlı oyunçular çıxacaq. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43