“Qərb derbisi həmişə maraqlı keçir. Havanın isti olması səbəbindən oyun daha ağır oldu. Rəqibin ilk diqəqələrdən təzyiqi olacağını hesablaşmışdıq. Çox mühüm qələbə idi. “Kəpəz”i Gəncədə məğlub etmək çətindir. Azər Məmmədova uğurlar arzulayıram. Bizim üçün hər xal vacib idi. Yolumuza davam edirik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Kəpəz” görüşü sonrası mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Rəqib iki oyundur əks hücumla oynayır. Bu, gözlənilən idi. Erkən qol vurmaq istəyirdilər, biz də bundan istifadə etməliydik. İmkanlardan yaxşı yararlana bildik. Havanın isti olması səbəbindən oyunçular sanki boğulurdu. Ümumən pis başlamamışıq, 3 oyuna 6 xal qazanılıb. Yeni futbolçularla da danışıq gedir. Orta xəttdə bir oyunçuya ehtiyac var. Çempionat uzundu.
Artıq stadionumuz hazır olur. Gələn ev matçını Tovuzda keçirə bilərik. Yalnız işıqlandırma sistemi qalıb ki, sentyabrda o da dücələcək.
Böyümək, inkişaf etmək üçün Premyer Liqada qalmaq lazımdır. Əsas məqsədimiz çempionatda möhkəmlənməkdi. İşlərimiz çoxdur. Stadionumuzun meydançasını dəyişmək istəyirik. Hər şey qaydasında olandan sonra iddialı olacağıq”.

